Şanlı tariximizdən 21 il ötür-Fotolar
Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 21 il ötür.
Bu münasibətlə Horadiz şəhərindəki Bayraq Meydanında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət ediblər.
Tədbiri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb: “1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək, orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilmişdir. Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdir. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilərin Beyləqana hücumunun qarşısı alınmış və Milli ordumuz əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun böyük hissəni azad etmişdir.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş, 21 min hektar ərazi düşmən tapdağından xilas olunmuşdur. Bu döyüşlərdə ermənilər böyük itkilər vermişdir”.
Alı Alıyev əlavə edib ki, Horadiz şəhəri və digər Arazboyu yaşayış məntəqələri işğaldan azad olunduqdan sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunmuş, füzulililər doğma yurdlarına qayıtmışlar. Hazırda rayonun işğaldan azad olunmuş hissəsində 70 minə yaxın insan yaşayır:
“Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələrin salınmış, Horadizə şəhər statusunun verilmiş, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş etmişdir. Son 12 ildə Prezident İlham Əliyev Füzuliyə 5 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 Sərəncam imzalamışdır.”
Digər çıxış edənlər Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildiriblər ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir: “Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərir”.