Sarkisyan devrilə bilər? – Şərh
Elşən Manafov: “Hazırkı geosiyasi reallıqlar şəraitində Sarkisyan iqtidarına qarşı başlanan sosial narazılığın yaxın perspektivdə onun kənarlaşdırılması ilə nəticələnəcəyi fikrini söyləmək tezdir”
Ermənistanda son iki gündür ki, vəziyyət yenidən kəskinləşib. Hakimiyyətin enerji tariflərini qaldırmasına etiraz edən əhali ilə polis arasında müəyyən toqquşmalar da baş verib. Görəsən, Ermənistanda hazırda cərəyan edən proseslər nə vəd edir? Bu hadisə Sarkisyan iqtidarının devrilməsilə sonuclana bilərmi?
Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında Ermənistanda baş qaldıran etiraz aksiyasının hələlik Sarkisyanın devrilməsinə gətirib çıxarmayacağı qənaətində olduğunu bildirdi: “Sarkisyan iqtidarının devrilməsi üçün təbii ki, Qərbin Ermənistanda hakimiyyətə qarşı mübarizə aparan müxalifətə ciddi maliyyə və siyasi dəstəyi olmalıdır. Bu siyasi dəstəyin olması anlaşılandır. Amma məsələ ondadır ki, Ermənistanda Sarkisyana müxalif siyasi qüvvələrin əksəriyyəti Rusiya yönümlüdür. Hətta Ermənistanın sabiq prezidenti Ter-Petrosyan da daxil olmaqla siyasi qüvvələrin Moskva ilə siyasi münasibətlərə böyük önəm verir. Güman edirəm ki, hazırkı geosiyasi reallıqlar şəraitində Ermənistanda Sarkisyan iqtidarına qarşı başlanan sosial narazılığın yaxın perspektivdə bu iqtidarın hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnəcəyi fikrini söyləmək bir qədər tez olardı. Məsələ ondadır ki, Ermənistandakı sosial narazılığa baxmayaraq, onu əvvəlcədən müəyyən edilmiş hədəflərə düzgün yönəldə biləcək müxalifətin maliyyə resursları və elektorata təsir imkanları kifayət qədər deyil. Sosial narazılığın artması fonunda Qərb tərəfdən müxalifətə ciddi maliyyə və mənəvi dəstəyin olacağı şəraitdə isə vəziyyət dəyişə də bilər. Təbii ki, Rusiya da burada cərəyan edən prosesləri diqqətlə izləyir. Moskva Sarkisyana qarşı etirazların qarşısını almaq üçün müəyyən tədbirlər görmək imkanına malikdir. Məsələn, “Qazprom” Ermənistana satdığı qazın qiymətində müəyyən güzəştlərə gedə bilər. Digər tərəfdən, hazırda Qərbin Rusiyaya qarşı mübarizədə əsas diqqəti Ukrayna probleminin həllinə yönəlib. Düşünürəm ki, Qərb Ukraynadakı problemi həll etmədən Cənubi Qafqazda Rusiya ilə növbəti qarşıdurmaya getmək istiqamətində ciddi addımlar atmaz. İstisna deyil ki, gələn ilki seçkilər ərəfəsində ABŞ Respublikaçılar Partiyası daha radikal addımlar atılmasında maraqlıdır. Amma nə qədər ki, Obama hakimiyyətdədir, Qərbin Cənubi Qafqazda Moskva ilə daha ciddi qarşıdurmanı yaxın perspektivdə yaşayacağını gözləmək bir qədər tez olardı. Təbii ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxaracağı halda, Qərb birmənalı şəkildə bölgədə nüfuz sahibi olacaq. Bu baxımdan sosial narazılıq fonunda Ermənistandakı hakimiyyəti dəyişmək bir qədər gec olacaq. Hər halda son aksiyalar da ermənistan hakimiyyətinə ciddi mesajdır. Güman edirəm ki, Ermənistan hakimiyyəti artmaqda olan sosial narazılığın qarşısını almaq üçün müəyyən tdbirlər də görməli olacaq. Sarkisyanın müxalifətlə müəyyən məsələlərdə danışıqlara gedəcəyini bu mənada istisna etmək olmaz”.
ELÇİN