!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Savaşda 133-cü GÜN: Müharibə Rusiya ərazisinə keçir - TƏHLİL

!Reklam – Yazi

133 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 328 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 630 ədəd, səhra artilleriyası və minaatanlar – 808 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 250 ədəd, HHM sistemi – 107 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 157 ədəd, PUA – 656 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 878 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 937 ədəd, səhra artilleriyası və minaatanlar – 3 070 ədəd, YARS – 558 ədəd, HHM sistemi – 368 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 414 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz otuz üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində əməliyyatlar teatrında döyüşlər eyni templə davam edib:

“Tərəflər arasında döyüşlərin intensivliyi əvvəlki günlərdəki kimi davam etdi. Gün ərzində, əsasən, tərəflərin mövqe döyüşləri və raket- artilleriya dueli davam etdi.

133-cü gündə Sumsk və Çerniqov yaşayış məntəqələri Rusiya minaatan və artilleriya batareyalarının intensiv atəşinə məruz qaldı.

Xarkov ərazisində Sosnovka yaşayış məntəqəsi istiqamətində Rusiya qoşunları hücuma cəhd etdilər. Hücum cəhdləri dayandırıldı və əvvəlki mövqelərinə qayıtdılar.

Slavyansk istiqamətində Baxmut və Dolina yaşayış məntəqələri istiqamətində Rusiya bölmələrinin həmlələri oldu.

Baxmut yaxınlığındakı Beloqorovka yaşayış məntəqəsi ərazisində avtomobil yolunu keçməyə cəhd göstərdi.

Baxmut-Lisiçansk avtomobil təminat yolu Lisiçanskın təhvil verilməsi ilə Rusiya qoşunlarının nəzarətinə keçdi.

Bu yol qoşunların təminat yolu kimi ciddi əhəmiyyət kəsb edən hərbi hədəflərdən biri idi. Bu yolun Rusiya qoşunlarının nəzarətinə keçməsi Ukrayna qoşunlarının maddi-texniki təminatında ciddi fəsadlar yaradacaq.

Xersonda rusların silah-sursat anbarları vuruldu.

Odessa vilayəti əraziləri qanadlı raketlərlə vuruldu. Dörd raketdən üçü havada zərərsizləşdirildi, biri isə yaşayış məntəqəsinə düşdü.

133-cü gündə də Rusiya Ordular Qrupunun strateji hədəfi Donbas bölgəsi olaraq qaldı. Donbas bölgəsi Luqansk və Donetsk vilayəti ərazilərini əhatə edir. Bu istiqamətdə Luqansk vilayətinin adminstrativ əraziləri nəzarətə götürülüb. Növbəti hərbi hədəf Donetsk vilayətinin digər əraziləri olacaq. Burada Rusiya qoşunları bir neçə böyük şəhər uğrunda döyüşəcək.

Bu gün Rusiyada qeyri-adi bir hal baş verdi. Rusiyada qeyri-leqal olaraq partizan hərakatının “Боевой организация анархо-коммунистов” – BOAK (Anarxo-kommunistlərin Döyüş Təşkilatı) adlı təşkilat; yaradıldı. Ruslar bu təşkilat vasitəsi ilə Rusiya ərazilərində ruslara qarşı partizan fəaliyyəti göstərəcək. Səfərbərlik idarələrinə və strateji obyektlərə diversiya həyata keçirəcəklər. Onlar hansı istiqamətdə fəaliyyət göstərəcəkləri barədə 9 dəqiqəlik video yayımlayıblar. Bu videoda indiyə qədər həyata keçirdikləri diversiya aktları və gələcəkdəki fəaliyyətləri barədə konkret məlumat veriblər. Öncə baş vermiş bir neçə diversiyaları üstləndiklərini bildirdilər. Bu, Rusiyanın mövcud
ictimai-siyasi vəziyyəti üçün “soyuq duş effekti” deməkdir.

Düşünürəm ki, müvafiq hüquq mühafizə qurumları bunu necə nəzərdən qaçırdıqlarının hesabatına hazır olmalıdırlar. Çünki biz bununla müharibənin Rusiya ərazilərinə keçdiyini müşahidə edəcəyik.

Müharibənin ilk günlərindən də bildirirdik ki, müharibə Rusiya ərazisinə keçmədikcə, əhali bunu hiss etmədikcə Kreml bildiyini edəcək. Əgər bu qrup istədiyinə nail olsa, Rusiyada çox ciddi effekt verə bilər. Hesab edirəm ki, Rusiyada onsuz da ən adi şeylərə görə həbslər olurdusa, bundan sonra ölkə ərazisində çox ciddi həbs dalğası baş verəcək.

Müharibənin nə ilə bitəcəyinə dair bir çox versiyalar mövcuddur. Mən mövcud beynəlxalq siyasi-hərbi durumu sarkazmla “balıqçının hekayəsi”nə bənzədirəm.

Bu hekayədə balıqçı Amerika və Avropa İttifaqı, balıq Rusiya, balıq üçün yem isə – Ukraynadır. Artıq 133 gündür ki, balıq yemi balığın ağzındadır. Balıq düşünür ki, yemini bitirməkdədir. Balıqçı isə balığı sahilə doğru çəkməyə davam edir. Balıq yeminin tamamı ilə məhv olması bahasına olsa belə. Balıq çırpınaraq balıqçının tilovundan qurtulmaq istəyir. Həm də balıq yemi bunu istəyir. Bu mübarizədə əsas odur ki, balıqçı nə istəyir? Balıqçı isə yorulmuş və bitmiş balığı sahilə çıxarmaq istəyir. Balıq ovunu masada çoxları və çoxdan gözləyir. Çünki onlar Rusiya adlı balıq üçün bu tilovu yeni dünya düzəni adlı dənizə çoxdan atmışdılar.

Rusiya adlı balıq çox çalışmışdı ki, bu tilova düşməsin. O günə qədər ki, balıq yemi olaraq Ukrayna seçildi. Beləliklə də Rusiya adlı balıq 133 gün bundan öncə tilova düşdü və bu günə qədər can çəkişməkdədir. Ukrayna adlı balıq yeminin həyatı Amerika adlı balıqçını o qədər də narahat etmir. Çünki onun təyinatı bu idi…

Məndən soruşanda ki, Rusiya adlı balığın taleyi necə olacaq, mən deyirəm ki, balığın iki variantı var. Birinci variantda tilovu qıraraq yaşamasına davam etmək. İkinci variantda isə sahilə çıxarılaraq masadakıların yeminə çevrilmək. Balıq hətta tilovu qırıb getsə, o yara ilə yaşamalı olacaq. Onun nə qədər yaşaması isə yaranın dərinliyindən asılı olacaq.

Hazırkı vəziyyətə görə biz ikincisini müşahidə edirik.

Bu ovda uğurun balıqçının, yoxsa balığın yanında olcağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv