Saxta ABŞ dollarının dövriyyəyə daxil edilməsinin qarşısı alınıb
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Azərbaycanda külli miqdarda saxta ABŞ dollarının dövriyyəyə daxil edilməsinin qarşısını alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kürdəmir rayon sakini, 36 yaşlı Elşən Osmanovun saxta dollar əldə etməsi və onu satmaq istəməsi barədə baş idarəyə əməliyyat məlumatı daxil olub.
E. Osmanov dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 320 ədəd saxta 100 dollarlıq əsginasları 12 min ABŞ dollarına satmaq istəyərkən cinayət başında yaxalanıb. Ondan 32000 saxta ABŞ dolları maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs ifadəsində saxta dollarları ölkədən kənarda hazırlatdıraraq dövriyyəyə daxil etmək üçün gizli yolla Bakı şəhərinə gətirdiyini bildirib. Saxta pul nümunələrinə baxış zamanı əsginasların xüsusi peşəkarlıqla hazırlandığı, həqiqi dollardan bir o qədər seçilmədiyi müəyyən olunub.
Faktla bağlı BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Hazırda istintaq saxta pulların mənbəyini araşdırır.
DİN bir daha vətəndaşların diqqətinə çatdırır ki, alış-veriş edərkən diqqətli olsunlar və şübhəli pul nümunələri ilə rastlaşdıqda dərhal yaxınlıqdakı polis orqanlarına bu barədə məlumat versinlər. (apa.az)