Səbinə Salmanova: “Prezidentin ABŞ-yə səfəri Azərbaycan diplomatiyasının növbəti strateji uğuru olacaq”

media-hightechnic-468x90
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan lideri İlham Əliyevin Birləşmiş Ştatlara gözlənilən səfəri təkcə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yeni mərhələyə keçməsi baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik müstəvisində böyük strateji əhəmiyyət daşıyır. 
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
media-whatsapp-image-2025-08-07-at-12-47-01
Onun sözlərinə görə, Donald Trampın prezident seçilməsindən sonra Bakı–Vaşinqton münasibətlərində yeni dinamika formalaşmaqdadır:
“Bayden administrasiyası dövründəki gərginlikdən fərqli olaraq, hazırda qarşılıqlı etimad və siyasi dialoq mühiti hökm sürür. Prezident İlham Əliyevin səfəri bu münasibətlərin yenidən dirçəldiyinin və tərəflər arasında strateji əməkdaşlığın genişləndiyinin əyani göstəricisidir”.
Deputat səfərin əsas gündəliyinin iki əsas istiqamət təşkil etdiyini bildirib:
“Birincisi, Azərbaycan və ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələləridir. ABŞ Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat layihələrində vacib tərəfdaşlarından biri olaraq qalır. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması kimi fundamental məsələlərin də səfər çərçivəsində müzakirə olunması gözlənilir. Bu dəhliz yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də region dövlətlərinin və beynəlxalq tərəfdaşların iqtisadi təhlükəsizliyinə xidmət edir.
İkinci mühüm istiqamət isə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi məsələsidir. Vətən müharibəsində qazandığımız tarixi qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb. Prezident İlham Əliyev məhz bu yeni reallıqlara əsaslanaraq, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün ədalətli və hüquqa əsaslanan “5 prinsip” təklif edib. Bu prinsiplər BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və Azərbaycan bu gündəliyi uğurla sona çatdırmağa yaxındır”.
S.Salmanova onu da əlavə edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında konkret, hüquqa əsaslanan tələblər irəli sürüb:
“Bunlara Ermənistanın konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulması daxildir. Bu tələblər beynəlxalq hüququn prinsiplərinə əsaslanır və sülhün real əsaslar üzərində qurulmasına yönəlib. Hesab edirəm ki, liderlərin ABŞ-dəki görüşündə bu məsələlərin diqqət mərkəzində olması Ermənistanın prosesi süni şəkildə ləngitməsinin qarşısını ala bilər”.
Parlamentari sonda qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-yə gözlənilən səfəri Azərbaycan diplomatiyasının növbəti strateji uğuru olacaq:
“Səfər nəticəsində sülh prosesi üzrə konkret irəliləyişin əldə edilməsi və Zəngəzur dəhlizi üzrə beynəlxalq koordinasiyanın güclənməsi gözlənilir. Bu səfər eyni zamanda, Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq arenada qəbul olunduğunu bir daha təsdiqləyəcək. İnanıram ki, bu tarixi səfər Cənubi Qafqazda sabitliyin və iqtisadi inteqrasiyanın möhkəmləndirilməsi üçün dönüş nöqtəsinə çevriləcək”.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa