Adını vermək istəməyən 17 yaşlı Sincarlı yezidi qız, 10 yaşındakı bacısı ilə birlikdə İŞİD-in qul bazarında necə satıldığını və yaşadığı dəhşətli anları milli.az-la bölüşüb.
Doqquz ay ərzində seks köləsi kimi istifadə edildiyini bildirən qız, onu satın alan əslən Çeçenistandan olan İŞİD üzvü tərəfindən hər gün cinsi təcavüzə məruz qaldığını dedi.
Gənc qız, Sincarda qaçırıldığını və əvvəlcə Mosula sonra da İŞİD-in qalası Rakkaya aparıldığını bildirir.
“Həmin anlar həyat və ölüm arasında davamlı təkrarlanan bir qərar anı kimiydi. İŞİD üzvləri tərəfindən daim təcavüzə məruz qalırdım və döyülürdüm. Onların bəziləri cinsi əlaqədə olmamışdan qabaq məni döyürdülər, bəziləri isə hətta əllərimi, qollarımı və ağzımı bağlayaraq cinsi əlaqəyə girirdi. Yaxınlıqda F. adlı 14 yaşlı daha bir qıza da hər gün bu cür işgəncələr verilirdi. Ancaq bir müddətdən sonra 14 yaşlı həmin qız intihar etdi. Dəfələrlə intihara cəhd göstərmişəm amma gah ölümdən qorxduğum üçün son anda fikrimdən yayınmışam, gah da İŞİD-çi ərim buna imkan verməyib. Hər dəfə intihar etmək istədiyimdə buna imkan verməyən “ərim” buna məhəl qoymayaraq yenə də sekslə məşğul olmağa çalışırdı. Hətta bir neçə dəfə, gecələr 10-a yaxın İŞİD üzvü səhərə qədər növbələşərək mənimlə cinsi əlaqədə olublar.”
Yezidi qızın sözlərinə görə İŞİD üzvləri cinsi istəklərini tam olaraq ödəməyən qullarını, qaynar su tökərək, qamçılayaraq və işgəncə verərək cəzalandırırdılar: ” Bəli bizləri satın alan militanlar əvvəlcə qadınların bakirə olub-olmadığını yoxlayırdılar. Bakirə olan qadınları ən azı 40 kişinin olduğu otağa aparıb cinsi əlaqə üçün sıraya qoyurdular. Otaqdakı İŞİD-çilər isə istədikləri qızla cinsi əlaqəyə girirdilər.
Mən və 10 yaşlı bacımın satıldığı gün anamı son gördüyüm gün oldu. Bacım göz yaşları içində onun saçlarına tutaraq ayrılmaq istəmirdi. O səhnə ölənə qədər gözlərimin önündən getməyəcək, o anı heç vaxt unutmayacağam (ağlayır)”.
Gənc qız İŞİD-çilərin əlindən xilas olduğu anları da bizlərlə bölüşdü. “Məni saxlayan əslən Çeçenistandan olan İŞİD-çilərdən ibarət qrup Sincar yaxınlığında peşmərgə qüvvələri tərəfindən məğlub edildilər. Həmin an mən və bir neçə qadın üçün qaçmaq şansı yarandı . Peşmərgə qüvvələrinin də köməkliyi ilə ərazidən çıxarıldıq və geri qayıtdım”.
Yenicag.az
www.yenicag.az