Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini yaşatmaq, bizlərə əmanət qalan qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı göstərmək məqsədilə 2020-ci ildə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluğun möhkəmlənməsində əvəzsiz rolu olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsində və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması yaradılıb. Bu çərçivədə Azərbaycanda və Türkiyədə bir çox layihələrə imza atılıb.
Platformanın yarandığı ilk dövrdən bu günə kimi 33 şəhər və rayonda 2300 şəhid və qazi ailələri ziyarət edilərək mənəvi dəstək göstərilib.
Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının bir hissəsi olan “Qardaş Ailə” layihəsi çərçivəsində 9 azərbaycanlı şəhid ailə üzvləri Türkiyənin Sivas, Şanlıurfa, Bursa, Balıkesir, Isparta və Kayseri şəhərlərinə səfər edib, qardaş ölkənin şəhid ailələrini ziyarət edib, dövlət qurumları tərəfindən yüksək rəğbətlə qəbul edilib, xoş təəssüratlarla geri dönüb.
Bu ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərindən 17 şəhid ailəsi üzvü Azərbaycana dəvət edilib. Səfər çərçivəsində Bursa şəhid ailələri dövlət qurumları tərəfindən qəbul edilib, Azərbaycanın mədəni-irsi tarixi ilə yaxından tanış olub, Tərtər-Ağdam bölgəsini ziyarət edib, Azərbaycanlı şəhid ailələri ilə bir araya gələrək ortaq acılarını bölüşüb.
Bu təşəbbüsün davamı olaraq “YAŞAT” Fondu ilə birgə 1915-ci ildə Enver Paşanın təlimatı ilə yaradılan Türkiyə Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin Bursa və Ankara şöbəsindən 28 şəhid ailəsi üzvü Azərbaycanda səfərdə olub. Bu çərçivədə türkiyəli şəhid ailələri 35 azərbaycanlı şəhid ailə üzvləri ilə bir araya gəlib.“Tək millət, tək ürək” şüarı ilə reallaşan layihə çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr, eləcə də Şuşa şəhərinə səfər həyata keçirilib.
70-ə yaxın iştirakçı Cıdır düzünə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Şuşa qalasına, İsa bulağına, Yuxarı Gövhər Ağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya edib.
Bunlardan əlavə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) və “YAŞAT” Fondu birlikdə «Ay-Ulduz» kampı çərçivəsində 15 Azərbaycan şəhid övladını İstanbul və Çanaqqala Yay Düşərgələrinə yola salıb. Layihə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin və Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları”nın dəstəyi ilə həyata keçirilib. Düşərgənin məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsi olub. Layihə uğurla başa çatdırılıb, davamlı şəkildə həyata keçirilməsi planlanır.
Həmçinin Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində hal-hazırda 19 qazi və şəhid övladı Türkiyənin Sivas Universitetində TÜİB-in dəstəyi ilə təhsil alır.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə 28 avqust-2 sentyabr 2024-cü il tarixləri ərzində şəhid ailə üzvləri Türkiyənin 30 Avqust Zəfər Bayramı münasibətilə Ankaraya səfər edəcək.
Şəhid ailə üzvləri Türkiyə Prezident Sarayı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarının yerləşdiyi Anıtqəbir və şəhərin görməli yerləriniziyarət edəcək. Həmçinin Türkiyə dövlət qurumları tərəfindən qəbul ediləcək, Hərbi Akademiyanı bitirmiş Türkiyə şəhid ailələri ilə bir araya gələcək.
TÜİB olaraq Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edir, şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı özümüzün ən ümdə vəzifəmiz və borcumuz hesab edirik.
Həyata keçirilən layihələrimizin məqsədi Azərbaycan və Türkiyə şəhid ailələrini və qaziləri bir araya gətirmək, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızın daha möhkəmləndirilməsidir.
www.yenicag.az