Səlim Müslümov öz işçilərini həbs etdirdi
Şabran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Dekabrın 17-də “Media forum” saytına açıqlama göndərən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sosial müavinətlərin təyinatı və ödənilməsi zamanı 94 min manat məbləğində dövlət vəsaitini israf etdiyi aşkara çıxıb. İş Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədilməklə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə araşdırılır. İstintaq tədbirləri davam etdirilir.