Sənətin ARİFİ: Doğum gününüz mübarək, SƏNƏTKAR!

media-hightechnic-468x90

Sənətkarlar üçün doğuluş var, ölüm yoxdur bu dünyaya gəliş var, gediş yoxdur. Buna görə də onlar haqqında keçmiş zamanda danışmağı qəbul etmirəm. O da belələrindəndir  Qarabağın, ümumilikdə Azərbaycanın səsini təmsil edən ustad xanəndə Arif Babayev.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu gün onun doğum günüdür.

Əvvəlcə düşündüm ki, bu özəl gündə ustadın sənət dostlarına, tələbələrinə müraciət edim, ustad barəsində danışsınlar, xatirələrini bölüşsünlər. Lakin sonra fikrimdən daşındım. Axı Arif Babayevin sənəti barəsində hansı möhtəşəm kəlmə səslənə bilər ki, onun ifasındakı “Segah”ı, “Şur”u, “Çahargah”ı və “Qarabağ şikəstəsi”ni kölgədə qoysun? Əlbəttə, heç bir kəlmə onun səsini, ifasını və sənətinin möhtəşəmliyini tam ifadə edə bilməz. Belə ki, bəzək-düzəyə nə ehtiyac, görünən dağa nə bələdçi?! Arif Babayevi anlamaq və duymaq üçün onun səsinin sehrinə düşmək, sadəcə düşmək yox, həm də bu səsin əsrarəngizliyində  sözün yaxşı mənasında itib-batmaq yetər. Mən də belə etdim; muğamatın Arifini dinləyib, muğamdan bir daha arif olmağa çalışdım. Axı muğam bir dəryadır hər dəfə o dəryaya baş vurduqca yeni bir möcüzənin tilsiminə düşürsən, daha çox dinləyib, daha çox feyziyab olmaq istəyirsən.

Arif Babayev məhz belə sənətkarlardandır. Onun səsindən Xarıbülbül ətri gəlir. Axı o səs Qarabağın büllur kimi saf, dupduru sularından, tərtəmiz havasından yoğrulub. O səsi dinlədikcə ruhumuz dirilir və durulur, yorğunluğumuz çıxır, hüzura qovuşuruq. O səsi dinlədikcə nizamı pozulan, ruhumuzu yoran bu dünyadan qopub, özümüzə qayıda bilirik. O səsi dinlədikcə qulağımızın pası tökülür, kindən-küdurətdən qurtulub, xoşbəxtliyin qanadlarında uça bilirik. O səsi dinlədikcə bu həyatı daha çox dərk edir, göy üzünə pərvazlanır, Tanrı dərgahına yaxınlaşır, ülviləşir və saflaşırıq.

Elə isə, sükut yetər. Sadəcə susaq muğamatımızın və musiqimizin arifi, ustad xanəndə Arif Babayev oxusun, biz də feyziyab olaq.

Doğum gününüz mübarək, Sənətkar!

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05