“Sənin əlin şəhid qanına batıb” – Azərbaycanlı QHT rəhbəri TV rəhbərinə qarşı sərt sözlər
İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və Türkiyədə fəaliyyət göstərən “CanAz” internet televiziyasının rəhbəri Camal Mehmetxanoğlu qarşıdan gələn parlament seçkilərində səsini kürd-ermeni partiyasına-yəni HDP-yə verəcəyini bəyan edib.
Onun bu addımını görəsən Azərbaycan diasporası necə qarşılayır?
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev Yenicag.az-a açıqlamasında Camal Mehmetxanoğlunun bu hərəkətinə qəti şəkildə etiraz etdiklərini söylədi:
“Türkiyədə keçiriləcək parlament seçkilərinə fərqli yanaşmalar mövcuddur. Azərbaycan cəmiyyəti və ictimaiyyəti olaraq həmişə Türkiyənin ərazi bütövlüyü və onun daha da güclü olmasına ürəkdən inanır, onun üçün çalışırıq. Demək olar ki, Türkiyə vətəndaşı olaraq hansısa bir azərbaycanlının istədiyi bir partiyaya səs verməsi ancaq Türkiyə vətəndaşı olaraq onun üzərində məsuliyyəti deməkdir. Ancaq bununla belə bir diaspora və azərbaycanlıların haqq səsini dünyaya çatdıran, habelə türklərin özünün hüquqlarını qoruyan təşkilat olaraq hansısa bir azərbaycanlının HDP-yə səs verəcəyini bəyan etməsini birmənalı şəkildə qəbul etmir və ona qəti etirazımızı bildiririk. Bu gün Türkiyədə fəaliyyət göstərən HDP Öcalanın yaratdığı terrorçu PKK-nın zor hərəkətlərini açıq şəkildə dəstəkləyir. Bu səbəbdən onlarla əməkdaşlığa gedən, dəstəkləyən insanlara bir sözümüz var, o şəhidlərin qanı nə qədər PKK üzərindədirsə, bir o qədər də onları dəstəkləyənlərin üzərindədir”.
ELÇİN