Çoxdandır fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrındakı yeni tamaşalarda görünmür. Sonuncu dəfə teatrda iki il əvvəl yeni tamaşada rol alıb. Teatrdan çox seriallarda oynayan aktrisa son vaxtlar təmtəraqlı villasının görüntüləri ilə gündəmə gəlib.
Əməkdar artist Sənubər İsgəndərlinin Yeniçağ.az-a müsahibəsini təqdim edirik.
– Sənubər xanım, bir müddət öncə, həmkarınız Zemfira Nərimanova bekarçılıqdan şikayətlənmişdi. Sizi də çoxdandır heç bir tamaşada görə bilmirik. Biz sevindik ki, rəhbərlik dəyişəndən sonra sizləri tamaşalarda görə biləcəyik, amma hələ ki, nəticə yoxdur…
– İndi əvvəlki kimi deyil, dövlət sifarişlərinə az pul ayrılır. Burda mənlik heç nə yoxdur. Əvvəlki rəhbərliklə problem vardı, amma Azərpaşa müəllimlə münasibətlərimiz normaldır.
– Bəs niyə tamaşalarda yoxsunuz?
– O gələndən cəmi iki-üç tamaşa qoyulub.
– Sonuncu dəfə nə vaxt səhnəyə çıxmısız?
– İki il əvvəl “21.15 qatarı”nda oynamışam.
– İki il az vaxt deyil, bəs səhnə üçün darıxmırsız?
– Ürəyim partlayır, amma gözləyirəm. Tək mən yox e, hamımız gözləyirik. Bu saat mənim işləyən vaxtımdır. Mən heç kimdən qorxmuram, heç kimdən də asılılığım yoxdur. İsrafilin də vaxtında lazım olanda sözümü açıq demişəm. Amma Azərpaşa müəllimlə heç bir problemim yoxdur.
– Bəs rolsuz darıxmırsınız?
– Allaha and olsun ki, çox darıxıram.
– Heç seriallarda da görünmürsünüz…
– Çəkilir e, amma o seriallara da pul buraxan yoxdur. Təklif olunanlar da mənim ürəyimcə deyil. Serial təklifləri alıram. Bəziləri məni qane etmir. Yəqin ki, ürəyimcə olan ssenarilər olacaq. Hər şeydə gözləmə mövqeyindəyəm. İnanıram ki, bu gün olmasa da, sabah bir zəng gələcək.
– Gözəlliyinizin sirrini bəlkə açasınız, maşallah qızınızla dəyişik düşərsiniz…
– Genetikanın da rolu var. Çünki qızıma da baxsan yaşını verməzsən, heç deməzsən ki, anadır. Təbii ki, baxımın da rolu böyükdür.
– Bədnəzərdən qorxursunuz?
– Nəzər olan kimi o saat başım ağrıyır.
– Bəs bədnəzərdən qorunmaq üçün neynirsiz, talismanlardan istifadə edirsiniz?
– Heç nə… Arada üzərlik yandırıram, o da göz üçün yox. Sadəcə, üzərliyin iyi xoşuma gəlir. Durum üstümdə dua, gözmuncuğu, talismanlar gəzdirim, elə şeyləri sevmirəm.
– Müsahibələrinizin birində demişdiniz ki, qadın sevəndə sanki göylərdə uçur…
– Elə indi də o fikirdəyəm. Qadın sevəndə uçur. Sevgi varsa, həyat var demək, gözlərdə parıltı var. Bax bayaqdan soruşursunuz, bu da gözəlliyimin sirri.
– Geyimlərinizlə bağlı kiminləsə məsləhətləşirsiniz, yoxsa elə öz zövqünüzə arxayın olursuz?
– Öz zövqümlə geyinirəm, amma ətrafımda məsləhətləşdiyim və zövqünə inandığım insanlar var. Qızımla, həmkarım Vəfa Zeynalova ilə məsləhətləşirəm. Eyni zamanda dəb jurnallarını, interneti izləyirəm.
– Qarderobunuzda elə geyimlər varmı ki, xoşunuza gəlib almısınız, amma onları geyinməyi özünüzə qadağan etmisiz?
– Yox. Çünki hər şeyi normasında edən adamam. Bəzi geyimlərim var, kökələndə onları geyinə bilmirəm, qalıram baxa-baxa.
– Hansı üslub xarakterinizə daha yaxındır?
– Klassik və idman. Bir də getdiyim məkanlara uyğun geyinirəm.
– Həmişəmi brend?
– Yox, həmişə keyfiyyət.
– Qarderobunuzda ən bahalı geyimin qiymətini deyərsiz?
– Yox. Sən Allah, məni dilə-dişə salma.
– Yaxşı, onda deyin görək ən çox nəyə pul xərcləyirsiniz?
– Ətirlərə.
– Bu yaxınlarda villanızın da fotoları yayıldı… Maşallah, pis yaşamırsız.
– O villa mənim deyildi. Yaxşı oldu soruşdunuz, qoyun mən də deyim. O fotoları yayılan villa mənim çəkildiyim “Dəfnə ağacı” serialındakı evdir. Bir də istirahət etdiyim istirahət mərkəzinin fotolarıdır. Ayıbdır e, bir adama zəng vurub dəqiqləşdirərlər də. Mən harda şəkil çəkdirsəm, elə hamısını adıma çıxacaqlar?
– Yəni illərin sevilən aktrisası olan Sənubər İsgəndərlinin yəni bir villası, bağı yoxdur?
– Ay qurban olum sənə, nə villa? Bir dənə bağım var, o da təmtəraqdan uzaq, adi bir bağdır. Hətta şərhlər də yazılmışdı ki, bunun bağı nə gündədir?!
– Bəs yol polisləri ilə aranız necədir?
– Əla. Sağ olsunlar, hamısı hörmətimi saxlayır.
– Qayda pozuntusu olanda güzəşt edirlər?
– Qayda pozmuram.
– Yəni indiyə qədər bir dəfə də olsun cərimə yazılmayıb sizə?
– Cərimələrim olub, hamısını özüm ödəmişəm. O da çoxdan.
– Heç qəza törətmisiniz?
– Təzə-təzə avtomobili idarə edən vaxtlarımda olub. O da çoxdan – 10 il əvvəl.
Cəvahir Səlimqızı
Yeniçağ.az
www.yenicag.az