Sərdar Çam: "Qarabağ Zəfərindən sonra bu zalda toplanmağımız mənəvi qələbənin ifadəsidir"
“Keçmişin ağrılarına qapanıb gələcək vəzifələrimizi yarımçıq qoymamalıyıq”.
Yenicag.az xəbər verir ki, bunu Bakıda keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam deyib.
Sərdar Çam çıxışında 44 günlük Vətən müharibəsində qazanılan Qarabağ Zəfərinin Türk dünyası üçün yaratdığı yeni mənəvi mühitə toxunub. O, bir əsrlik fasilədən sonra eyni zalda Türkoloji məsələlərin müzakirə olunmasını tarixi hadisə adlandırıb:
“44 günlük Vətən müharibəsində qazanılan Qarabağ Zəfərindən sonra, 100 illik fasilədən sonra bu zalda yenidən belə mövzuların müzakirə olunması mənəvi bir zəfərin ifadəsidir. Bu, ortaq məfkurənin, ortaq iradənin və tarix şüurunun heç vaxt dayanmadığını, sadəcə davam etdiyini göstərir”.
Nazir müavini vurğulayıb ki, keçmişlə bağ qurmaq yalnız xatirələri yaşatmaq deyil, həm də gələcəklə bağlı üzərimizə düşən vəzifələri yerinə yetirməkdir. O, Türk dünyasının müasir texnoloji inkişafdan geri qalmamalı olduğunu qeyd edib:
“Müasir dövr sürətli dəyişikliklər dövrüdür. Texnologiya, süni intellekt, elmi-texnoloji istehsal və rəqəmsal platformalar həyatımızın bütün sahələrinə nüfuz edir. Nailiyyətlərimizi ən müasir səviyyədə inkişaf etdirmək zəruridir. Keçmişin ağrı və sınaqlarına həddindən artıq bağlanaraq gələcək vəzifələrimizi yarımçıq qoymamalıyıq”.
Sərdar Çam konfransda aparılan akademik müzakirələrin həm siyasi hakimiyyət, həm də beynəlxalq ictimaiyyət üçün mühüm nəticələr verəcəyinə inandığını bildirib:
“İnanırıq ki, bu müzakirələrin nəticəsində gələcək nəsillərə uşaqlarımıza və nəvələrimizə daha güclü bir mədəniyyət şüurunu və köklü tariximizin zəngin irsini ötürmək mümkün olacaqdır”.
Nəsimi Ələsgərli













