“Əgər hökumət, doğrudan da, ölkədə çoxpartiyalı siyasi sistemə və parlamentar demokratiyaya keçid etmək istəyirsə, təbii ki, biz mütləq iştirak edəcəyik”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri ölkədə keçirilməsi planlaşdırılan parlament seçkilərində iştirakla bağlı fikirlərini bölüşüb.
O, əlavə edib ki, seçkilərdə iştirakın 2 forması var.
“Biri var, namizədlik vermək, digəri isə sadəcə olaraq, seçkidə müşahidəçi kimi iştirak etmək. Mən seçkiqabağı şəraiti şəxsən özüm dəyərləndirəcəyəm. Əgər seçkiqabağı vəziyyət seçkilərdə iştirak etməyə əsas verəcəksə, onda iştirak edəcəyik. Yoxsa ki, əvvəlki illərdəki kimi, qalib gələcəyik, lakin imkan verilməyəcək, qanqaraçılıq, düşmənçilik olacaq və s. Xeyr, mən bu yolu tutası deyiləm”, – deyə o əlavə edib.
ADP liderinin fikrincə, hadisələrin gedişatı göstərir ki, cari ildə keçiriləcək seçkilər, ola bilsin ki, əvvəlkilərdən fərqli olsun:
“Çünki Azərbaycan artıq Rusiyanın təsirindən xeyli uzaqlaşır, müstəqil siyasət yürüdür. Ən vacibi isə Rusiyanın buradakı emissarlarının hakimiyyətdən uzaqlaşdırılması oldu. Amma yenə də hər şeyə arxayın olmaq olmaz, çünki pərdəarxasında kimlərsə seçkilərin normal keçirilməsinə mane olub, Azərbaycana təzyiqlər göstərə bilər. Çünki Azərbaycanda iqtidarla müxalifət arasındakı gərginliyin qalması bizim düşmənimiz olan ölkələrin hamısının xeyrinədir. Ona görə də bu qüvvələr var gücləri ilə çalışacaqlar ki, gərginlik davam etsin”.
Qeyd edək ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov COP29-la əlaqədar olaraq parlament seçkilərinin irəli çəkiləcəyi ilə bağlı məlumat vermişdi.
Rafi Müslümov
www.yenicag.az