"Səsimi eşidən var?" - Bəli, qardaş, səsin hələ də ürəyimizdədir...

media-hightechnic-468x90

Təqvimlər yenə 6 fevralı göstərir. Saat 04:17…

Türkiyənin Kahramanmaraş vilayəti mərkəzli, 11 şəhəri yerlə-yeksan edən, on minlərlə canı torpağın altına, milyonlarla insanı isə ömürlük bir sükuta məhkum edən o dəhşətli gecədən düz üç il keçir.

Üç il… Kimisi üçün sadəcə 1095 gün, kimisi üçünsə hər saniyəsi o dağıntıların altından gələn “Səsimi eşidən var?” harayının əks-sədasıdır. Bu gün geriyə baxanda gördüyümüz statistika hələ də dəhşət saçır: 53 min 537 şəhid.

6 fevral sadəcə bir təbiət hadisəsi, bir yer qabığı hərəkəti deyildi. O gecə bəşəriyyətin acizliyi, beton yığınlarının saxta güvəni və insan iradəsinin kədərlə imtahanı idi. Ataların övladlarının cansız əlini buraxmadığı, anaların körpələrini qorumaq üçün öz bədənini sipər etdiyi o mənzərələr hələ də gözümüzün önündən getmir. Üç il keçsə də, Kahramanmaraşda, Hatayda, Adıyamanda və digər şəhərlərdə hələ də o soyuq fevral küləyinin gətirdiyi toz qoxusu hiss olunur.

Azərbaycan üçün də bu tarix yad deyil. Zəlzələ xəbəri yayılan ilk dəqiqələrdən etibarən Bakıdan yola çıxan xilasedicilər, köhnə “Jiquli”sinin damına yorğan-döşək bağlayıb “qardaşım üşüyür” deyən Sərvərlər, pensiyasını yardım qutusuna atan nənələr göstərdi ki, ağrı eynidirsə, coğrafiya sadəcə bir xəritədir. Biz o gün Türkiyə ilə birlikdə sarsıldıq, o gün birlikdə ağladıq. Üç il əvvəl o dağıntılar altından çıxarılan hər can bizim üçün bir möcüzə, itirdiyimiz hər nəfəs isə sağalmaz yara idi.

Bu gün anım günüdür. Amma bu anım həm də bir xatırlatmadır. Təbiətlə inadlaşmağın, “mənə bir şey olmaz” deyib çürük təməllər üzərində həyat qurmağın bədəlinin nə qədər ağır olduğunu unutmamalıyıq. Dağılan binaların yerinə yeniləri tikilir, küçələr bərpa olunur, şəhərlər yenidən ayağa qalxır. Lakin bir şeyi unuduruq: gedişi ilə bir ailəni, bir nəsli yarımçıq qoyanların boşluğunu heç bir müasir bina doldura bilmir.

Zaman bəlkə yaraları qabıq bağlatdırır, amma ruhun dərinliyindəki o qırıqlıq qalıb. Bu gün Kahramanmaraşda, Malatyada, Qaziantepdə və digər ellərimizdə məzarlıqlar yenə ziyarətgaha çevriləcək. Dualar göyə ucalacaq, göz yaşları yenə torpağa qarışacaq.

6 fevralı unutmaq o gecə həyatını itirən minlərlə insanın xatirəsinə xəyanətdir. Biz unutmadıq. Nə o soyuğu, nə o qorxunu, nə də o böyük həmrəyliyi. Rəbbim bir daha belə bir acını nə Türkiyəyə, nə Azərbaycana, nə də bəşəriyyətə yaşatmasın. Həyatını itirənlərə Allahdan rəhmət, geridə qalanlara səbir diləyirik.

Zəlzələ deyil, bina öldürər; Unutqanlıq deyil, sevgi yaşadar.

Saat 04:17-ni göstərəndə hər il eyni sual əks-səda verəcək: “Səsimi eşidən var?” Bəli, qardaş, səsin hələ də ürəyimizdədir…

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05