Azərbaycanda hər il yüzlərlə insan dəm qazından zəhərlənir. Qış mövsümü başlar-başlamaz demək olar ki, hər gün dəm qazının qurbanları barədə xəbərlər oxuyuruq. Bəs bu bəladan necə qorunmaq olar?
Yenicag.az OilGas.az-a istinadən dəm qazından zəhərlənmənin əlamətləri, yol aça biləcəyi ağır nəticələr, ondan qorunmaq qaydaları və zəhərlənmə zamanı ilkin yardım barədə araşdırmanı təqdim edir:
“Səssiz qatil və ya hiyləgər düşmən”
Bir karbon və bir oksigen atomundan ibarət olan dəm qazı (CO) zəhərlidir. Təbii qaz, balon qazı, qaz yağı, benzin, kömür və odun kimi yanacaqların yanması və ya tam olaraq yanmaması nəticəsində yaranır. Havadan yüngül, iysiz, dadsız, rəngsiz olması hiss edilməsinin qarşısını alır. Buna görə də, ona “səssiz qatil və ya hiyləgər düşmən” deyilir.
Zəhərlənmənin əlamətləri nələrdir?
İnsan orqanizmi dəm qazına məruz qaldıqda qandakı hemoqlobinin 20%-i karboksihemoglobine çevrilirsə, baş dönməsi və baş ağrısı ilə başlayan ilk əlamətlər müşahidə olunur. Nisbət 50%-ə çıxanda huşunu itirmə, 60-70%-də isə ölüm baş verir.
Yüngül zəhərlənmə əlamətləri:
Baş ağrısı, başgicəllənmə, diqqətin yayınması, ürəkbulanma, yorğunluq hissi, nəfəs almaqda çətinlik çəkmək, ürək döyüntüsü.
Ağır zəhərlənmə əlamətləri:
Sərsəmlik, unutqanlıq, qusma, dəridə qızarma, ümumi yorğunluq, əzələdə ağrı, huşunu itirmə, tənəffüs dayanmasıyla ölüm.
Dəm qazından zəhərlənmə zamanı ilkin yardım
İlk öncə nəzərə almaq lazımdır ki, zəhərlənən bir adama kömək edən şəxs özünü də qorumalıdır.
Dəm qazından zəhərlənmə baş verən məkanda pəncərələr açılmalı və ya sındırılmalıdır.
Dəm qazına məruz qalan insan sürətlə məkandan uzaqlaşdırılmalı, açıq havaya çıxarılmalıdır.
Vaxt itirmədən təcili yardım xidməti (103) çağırılmalıdır.
Zəhərlənən şəxs açıq havaya çıxarılanda ya da təhlükədən uzaqlaşdırıldıqda ağız və burnu təmizlənməlidir. Əgər həmin şəxs nəfəs almırsa, süni tənəffüsə başlamaq lazımdır.
Dəm qazı insan orqanizminə necə təsir göstərir?
Dəm qazı (CO) tənəffüs yollarına daxil olduqdan sonra ağ ciyərlərdən qana keçərək, qırmızı qan hüceyrələrinin daxilində olan və toxumalara oksigen daşıyan hemoqlobinə oksigendən orta hesabla 200 dəfə daha sürətli və daha sıx bağlanır. Bununla da karboksihemoqlobin (COHB) yaradır. Normalda havadakı oksigenləri oksihemoqlobin şəklində hüceyrələrə daşıyan qırmızı qan hüceyrəsi karbon turşusu qazına məruz qaldığımız müddət ərzində kifayət qədər oksigen daşıya bilmir. Nəticədə hüceyrələr ölməyə başlayır və beyin başda olmaqla, ürək və digər orqanlar funksiyalarını icra edə bilmirlər.
Hüceyrə ölümləri ilk olaraq beyinə təsir edir. Odur ki, bədənin ilkin reaksiyası baş dönməsi və baş ağrısıdır. Dəm qazından zəhərlənmə zamanı nə qədər qaz udulması və müddəti önəmlidir. Müəyyən həddən sonra xəstəyə təcili müdaxilə edilsə belə, beyin hüceyrələrində ölüm reallaşa bilər.
Dəm qazından zəhərlənməyə qarşı riayət edilməli olan qaydalar:
Qazla çalışan qurğulara qətiyyən müdaxilə etməyin və kənar şəxslərin müdaxilə etməsinə icazə verməyin;
Bacalı cihazların yerləşdiyi otaqlarda, məkanlarda qətiyyən yatmayın;
Qaz sistemi quraşdırıldıqdan sonra qurğuya yeni bir cihaz bağlayırsınızsa, mütləq bu barədə səlahiyyətli orqanları xəbərdar edin;
Pəncərə və ya divarınıza montaj edilən, mühitə təzə hava daxil olmasını və hər hansı bir qaz sızması halında qazın xaricə çıxmasını təmin edən barmaqlıqları (havalandırmaları) heç vaxt bağlamayın;
Bacanın təmiz olmasına nəzarət edin;
Qapalı qarajda maşınınızı uzun müddət işlək vəziyyətdə saxlamayın;
Hər il istilik mövsümü başlamazdan əvvəl səlahiyyətli şəxslər tərəfindən cihazınızın yoxlanılmasına nəzarət edin. Bacalı cihaz istifadə edirsinizsə, qurğunuzun baca sensorunun işləyib-işləmədiyini yoxlatdırın;
Küləkli havalarda bacalı cihazlardan istifadə edərkən qaz sızmasına qarşı daha diqqətli olun. Bacalı cihaz olan otaqdakı havalandırmaların açıq olmasına nəzarət edin;
Qaz boru vasitələrinin korroziyaya qarşı boyanın üzərini sarı rəngli yağlı boya ilə rəngləyin. Boyama prosesində su əsaslı boyadan qətiyyən istifadə etməyin.
www.yenicag.az