“Ailədaxili məsələlərin və şəxsi həyatın sosial şəbəkələrdə paylaşılmasının əleyhinəyəm və heç sevmirəm”.
Bunu aktyor Türkay Cəfərli Yenicag.az-a açıqlamasında deyib.
Aktyor bu paylaşımların gündəm yaratmaq və reytinq qazanmaq məqsədi güddüyünü təəssüf hissi ilə bildirib:
“Ailəm mənim sərvətimdir. Bu gün mən nə geyindiyimi, nə yeyib, nə içdiyimi gündəm naminə paylaşmağa qarşıyam. Sosial şəbəkələrə də gəlincə, bilirik ki, insanlar qeybəti, müzakirə və tənqid, hətta basqı etməyi də sevir. Bunu da nəzərə alanda, ümumiyyətlə belə paylaşımlara ehtiyac yoxdur. Millətə elə şeylər lazım deyib. Mənim şəxsi yaşantılarımın kimə nə dəxli var? Bir də görürsən, yeni evlənən cütlüklər şəxsi həyatları ilə bağlı paylaşımlar edir, buradan sevirəm, evlənirəm deyib, üç-beş gündən sonra ayrılır. Arxalarınca idbar-idbar sözlər danışırlar ki, bu da kişiliyə sığışmır.
Sual meydana çıxır, bəs nə idi o təmtəraqlı həyat tərzi, o sevgilərlə bağlı paylaşımlar? Belə çıxır ki, bu, reytinq xatirinə olan birləşmədir. Bəzən deyirlər ki, dövr dəyişib, indi həyat başqadır. Əslində dövr dəyişmir, dəyişən yalnız insanlardır. Əvvəllər bir kişi üçün qadını qorumaq, bir ailəyə sahib olmaq daha önəmli, daha vacib idi, nəinki indi. Biədəb şeylər o qədər dəb halını alıb ki… Mən həmişə buna qarşı olmuşam. Mənə görə ailəmin hətta ən çətin problemini öz valideynlərim belə bilməli deyil. Allah eləməmiş, o problem ən pik həddə ola bilər ki, artıq ailəm bundan xəbərdar ola bilər. Hər şeyin bir həddi var. Ailə bir sütundur. Sən hər yerdə o sütunu göstərə bilirsənsə, deməli, orada sütundan söhbət gedə bilməz. Demək ki, sadəcə bir qum topasıdır, başqa heç nə”.
Cəvahir
www.yenicag.az