Şeyx Əbdül QƏZƏBLƏNDİ: “5 uşağını, ərini atıb qaçır Bakıya”
“Əvvəl belə şeylər var idi ki, arvad kənddə 5 uşağını, ərini atıb azad qadın kimi yaşamağa qərar versin? Sosial verilişlərə axışıb, özlərinə müştəri axtarırlar. İnsanlar əxlaqsızlığa sürüklənir. Biabırçılıqdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Şeyx bəzi verilişlərin insanları əxlaqsızlığa sürüklədiyini, milli-mənəvi dəyərlərə zərbə vurduğunu bildirib:
“Deyir, kənddə filankəsin qızı ərini qoyub qaçdı Bakıya, yenidən ərə getdi. Filankəs arvadını boşadı, verilişdə özünə təzə arvad tapdı. Əri boşadı, efirə çıxandan sonra elçi çıxdılar və s… Belə şeyləri görüb kənddən Bakıya axışırlar, sosial verilişlərə çıxıb, mənəviyyatımıza zərbə vururlar, ailə dəyərlərini puç edirlər. Bunlar bəzilərinə çox pis örnək olur. Qadın evdə ərini saymır, uşaqlar valideyn sözünə baxmır, qəddarlaşır, milli-mənəvi dəyərlər itir-batır. Görün, cəmiyyətdə nə qədər faciəvi hadisələrin şahidi oluruq. Oğul ananı yandırıb öldürür, oğul atanı, qardaş bacını qətlə yetirir. Hara gedir bu cəmiyyət?! Niyə insanlar bu qədər aqressivləşib? Buna görə də televiziyalarda milli-mənəvi dəyərlərə xidmət edən verilişlər hazırlamalıdır. Əxlaqsızlığı, tərbiyəsizliyi təbliğ edən verilişlər yayımlanmamalıdır”.
Cəvahir