Şimali Kiprdə federal model təklif edən yeni prezident KİMDİR? - DOSYE
Ombudsman institutunu yaratdı, 20 ilə yaxın akademik fəaliyyətlə məşğul oldu, indi isə Şimali Kiprdə keçirilən prezident seçkilərinin nəticələrində qələbə qazandı.
Yenicag.az Şimali Kipr Türk Cümhuriyyətinin yeni prezidenti, Ersin Tatara qalib gələrək ölkənin 5-ci dövlət başçısı olan Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürmanın dosyesini təqdim edir.
Tufan Erhürman 11 sentyabr 1970-ci ildə Lefkoşada anadan olub. Orta təhsilini Türk Maarif Kollecində başa vurub. 1988-ci ildə Ankara Universitetinin Hüquq Fakültəsinə daxil olub. Magistratura və doktorantura təhsilini də həmin universitetdə alıb. Erhürman müxtəlif illərdə Ankara və Hacettepe Universitetlərində ictimai hüquq üzrə mühazirələr oxuyub.
Onun siyasi karyerası da kifayət qədər zəngindir. Hazırkı prezident 1999–2004-cü illərdə Türkiyənin Ədliyyə Nazirliyində çalışıb və ombudsman institutunun yaradılması istiqamətində fəaliyyət göstərib. İxtisasca ictimai hüquq üzrə alim olan Erhürman, 2008–2010-cu illərdə Kipr münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda iştirak edib.
O, 2013-cü il seçkilərində Cümhuriyyət Məclisinə Lefkoşa dairəsindən namizəd olub və Cümhuriyyət Türkiyə Partiyası–Birləşmiş Qüvvələrin namizədi kimi millət vəkili seçilib. 2016-cı ildə Erhürman Cümhuriyyətçi Türk Partiyasının sədri seçilib. 2018-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində yenidən millət vəkili seçilsə də, partiyasının 9 mandat itirməsinin qarşısını ala bilməyib. Elə həmin il Cümhuriyyətçi Türk Partiyası, Xalq Partiyası, Demokratik Partiya və Toplumcu Demokratiya Partiyası arasında koalisiya danışıqları aparılıb və nəticədə Erhürman kabinetinin yaradılmasına nail olunub. Beləliklə, o, Baş nazir vəzifəsinin icrasına başlayıb. Bir il sonra isə bu vəzifədən ayrılıb.
Nəhayət, Tufan Erhürman 2025-ci ilin 20 oktyabrında keçirilən prezident seçkilərində 62,76 faiz (87 137) səs toplayaraq ölkənin yeni dövlət başçısı olub. O, 20 ilə yaxın akademik fəaliyyətlə məşğul olmuş və prezident seçilmiş azsaylı liderlərdəndir. Eyni zamanda, şəxsi həyatını və ailəsini mediadan uzaq tutması ilə tanınır. Həmçinin o. seçki kampaniyası dövründə “iki dövlətli həll” ideyasına qarşı çıxaraq federal modelini müdafiə edib.
Lakin Tufan Erhürmanın prezident seçilməsi Türkiyə siyasətində ikili reaksiyalara səbəb olub. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş dövlət başçısını təbrik edib. Türkiyə Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda bu seçkilərin “ŞKTC-dəki dövlət ənənəsini və demokratiya mədəniyyətini” əks etdirdiyini vurğulayıb.
Seçkilərə fərqli reaksiya isə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının açıqlamaları ilə müşayiət olunub. O, ŞKTC parlamentini təcili iclasa çağıraraq millət vəkillərini Şimali Kiprin Türkiyəyə birləşdirilməsi məsələsində qərar verməyə səsləyib.
Məlik Məlikov