Şimali Koreya ETİRAF ETDİ: “Göndərilən 12 min qoşunun 30%-dən çoxu yaralanıb”

media-hightechnic-468x90

“Belə bir vəziyyətdə Şimali Koreyadan olan əlavə qüvvə, təbii ki, Rusiyanın hücumlarına müsbət təsirini göstərə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet-verdiyev

O, Şimali Koreya lideri Kim Çen İnin hərbi yardım göstərmək üçün Şimali Koreya qoşunlarını Rusiyaya göndərmək qərarının mümkün nəticələrindən söz açıb.

Hərbi ekspert bildirib ki, 12 min nəfərlik ordunun Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə iştirakına dair məlumatlar ötən ildən məlum idi:

“Bu yardım Rusiya ilə imzalanan strateji əməkdaşlıq müqaviləsinə əsaslanır. Sözügedən müqavilə, eyni zamanda, hər iki ölkənin hərbi ittifaqının yaradılmasını nəzərdə tutur. Şimali Koreya qoşunlarının 3 general və 500 nəfərə qədər zabitlə döyüşlərdə iştirakına dair məlumatlar mövcuddur. Lakin həmin informasiyaların rəsmi təsdiqi aprel ayında məlum oldu. Belə ki, Kursk vilayətində yerləşən Ukrayna qoşunları çıxarıldıqdan sonra rəsmi olaraq Rusiya komandanlığı Şimali Koreya qoşunlarının döyüş əməliyyatlarında iştirak etdiyini etiraf etdi və Rusiya Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov öz təşəkkürünü bildirdi. Yalnız bundan sonra Şimali Koreya qoşunlarının müharibədə iştirakını təsdiqlədi”.

Ə. Verdiyev hesab edir ki, Ukrayna ərazisində Şimali Koreya əsgərlərinin döyüş əməliyyatlarında iştirakına dair dəqiq məlumatlar mövcud deyil:

“Lakin göndərilən 12 min qoşunun 30%-dən çoxu yaralanıb, yaxud döyüşlərdə həlak olub. Nəticə etibarilə, böyük cəbhəyə malik olan ərazidə 8 min qoşun ciddi şəkildə döyüş əməliyyatlarının gedişatına təsir edə bilməz. Hazırda təşəbbüs Rusiya tərəfdədir. 12 minlik qoşunun Rusiya tərəfindən Kursk əməliyyatlarında iştirakı təbii ki, rus qoşunlarının Ukraynanın şərqində həyata keçirdiyi əməliyyatlarda şəxsi heyət çatışmazlığını qismən həll etmişdi”.

Onun sözlərinə görə, Şimali Koreya rəhbərliyinin öz qoşunlarını Ukrayna ərazisində gedən döyüş əməliyyatlarına cəlb edəcəyi hələlik real görünmür:

“Çünki Rusiya təşəbbüsü ələ keçirib və kifayət qədər əraziləri artıq nəzarətə götürüb. Gələcəkdə bu yardımın təkrar əlavə qüvvə olaraq göndərilməsi istisna edilmir. Hər bir halda, iki tərəf də böyük itkilərə məruz qalıb. Belə bir vəziyyətdə Şimali Koreyadan olan əlavə qüvvə təbii ki, Rusiyanın hücumlarına müsbət təsirini göstərə bilər. Nəzərə almalıyıq ki, Şimali Koreya qoşunları Rusiya ordusunun şəxsi heyəti ilə müqayisədə yüksək intizama malik olmaqları, uzlaşdırılmış fəaliyyətləri və kifayət qədər ekstremal şəraitlərə davamlılığı ilə fərqlənir”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600