Kulturoloq Aydın Xan Əbilovun səsləndirdiyi “Qadınlar feminist düşüncəsini məhz siqaret çəkməklə nümayiş etdirmək istəyirlər. Siqaret çəkmək əxlaqsızlıq, mədəniyyətsizlikdir, qeyri-etik sayılır” fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu fikirlərinə görə bəziləri onu kəskin tənqid atəşinə tutub.
Yenicag.az-a açıqlama verən aktrisa Zarina Qurbanova insanları siqaret çəkdiyinə görə dəyərləndirməyi cahillik adlandırıb:
“İnsanları kişi, ya qadın faktoruna bölmürəm. “Kişiyə olar, qadına olmaz” kimi fikirlərlə də razı deyiləm. İstər qadın, istərsə də kişi özlüyündə bir şəxsiyyətdir.
İnsanları geyiminə, siqaret çəkməyinə, yaxud da digər alışqanlığına görə dəyərləndirməyin həmişə əleyhinə olmuşam. Belə düşüncə tərzi mənə yaddır və bunu cahillik kimi qiymətləndirirəm.
Ətrafımda o qədər siqaret çəkən adam görmüşəm ki, əxlaqı, tərbiyəsi, çevrəsinə münasibəti yüksək səviyyədədir. Amma uzun paltar geyinən, ora-burasını örtüb, gizlində min oyunlardan çıxan insanlar da görmüşəm. Bunu birmənalı şəkildə deyirəm ki, siqaret çəkməyin insanın əqidəsi, tərbiyəsi, əxlaqı ilə heç bir əlaqəsi yoxdur. Əsas odur, insanın ruhu təmiz olsun. Geyim, siqaret çəkmək və digər alışqanlıqlarla insanın tərbiyəsini, əxlaqını ölçmək həm də savadsızlıqdır”.
Cəvahir
www.yenicag.az