Şirvan suvarma kanalının yenidən qurulması: İşçi qrupunun növbəti onlayn iclası oldu
Ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, su itkilərinin azaldılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və magistralkanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin «Şirvan suvarma kanalının yenidən qurulması haqqında» 8 aprel 2024-cü il tarixli 84 nömrəli Sərəncamı imzalanıb.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) verilən məlumata görə Sərəncamdan irəli gələn məsələlərin icrasını sürətləndirmək, tikinti-quraşdırmaişlərinin təyin olunmuş qrafika uyğun yüksək keyfiyyətlə aparılmasını təmin etmək, eləcə də görülən işlərin aidiyyəti qurumlarla birgə əlaqələndirilməsi işini təşkil etmək məqsədiləAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış İşçi qrupunun 5 avqust 2025-ci il tarixində növbəti iclası keçirilib.
İclasın əvvəlində işçi qrupun rəhbəri Rafiq Aslanov çıxış edərək 1958-ci ildə istismara verilmiş, uzunluğu 122 km olan Şirvan suvarma kanalının mövcud vəziyyəti və onun yenidən qurulmasının xüsusi əhəmiyyətindən danışıb. O bildirib ki, Şirvan suvarma kanalı yenidən qurulduqdan sonra ölkənin ən iri suvarma kanalı olacaq.
Qeyd edək ki, kanalın başlanğıcda sərfinin saniyədə 180kubmetrə və uzunluğunun 204,3 km-ə qədər artırılaraq(Mingəçevir-Hacıqabul gölü arası) müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi baş tutacaq. Nəticədə Şirvan zonasının Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının 228 min hektar torpaq sahəsini (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu ilə yaşayış məntəqələrinin içməli və məişət suyu ilə təminatının, torpaqların meliorativ vəziyyətinin, eləcə də Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması təmin olunacaq.
İclasın davamında Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti və Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun mütəxəssisləri aparılan tikinti işlərinin gedişatı, ortaya çıxan problemlər və onların həlli istiqamətində çıxış edərək tikinti-quraşdırma işləri dayandırılmadan layihədə olan çatışmazlıqların aradan qaldırılması və ortaya çıxan əlavə işlərin sənədləşdirilməsi istqamətində işlərin aparıldığını bildiriblər.İclasda yerli və mərkəzi icra orqanlarının nümayəndələrinin, həmçinin layihənin podratçılarının təklifləri dinlənilib, nəzərə alınması üçün müvafiq göstərişlər verilib.
Səsləndirlən təkliflər nəzərə alınmaqla Şirvan suvarma kanalının yenidənqurulması çərçivəsində aparılan tikinti-quraşdırma işlərinin əvvəlcədən təyin olunmuş qrafikə uyğunlaşdırılaraq davam etdirilməsi, ortaya çıxan problemlərinvə layihədə olan çatışmazlıqların sürətlə aradan qaldırılması, torpaqayırma ilə bağlı işlərin sürətləndirilməsi və mülkiyyətçilərin kompensasiyasının vaxtında ödənilməsi ilə bağlı qısa müddətdə tədbirlərin görülməsi qərara alınıb.