Şirvanda zavodda baş vermiş partlayış zamanı üç nəfər xəsarət alıb.
Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunur ki, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Şirvan Araz zavodu” MMC-də partlayış baş verməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla hadisə nəticəsində üç nəfərin – 1992-ci il təvəllüdlü Elçin Cahangir oğlu Babayev, 2001-ci il təvəllüdlü İsmayıl İntiqam oğlu Muradov və 1999-cu il təvəllüdlü Məhəmməd İlham oğlu İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
“Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunur.
***
15:52
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış baş verib.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Bu barədə ilk məlumatı mətbuat.az yayıb.
www.yenicag.az