Siyasi mənafelərin burulğanında ÇARƏSİZ UKRAYNA: "Hər şeydən əvvəl maraqlar gəlir"
“Avropa ölkələri mümkün qədər indiki siyasi fürsətdən yararlanmağa çalışırlar”.
Bunu Avropa ölkələrinin Ukraynanı müdafiə etməkdə əsas məqsədindən danışan siyasi şərhçi Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.
Siyasi şərhçi bildirib ki, Rusiya-Ukrayan müharibəsində bütün tərəflərin öz maraqları var:
“Ukrayna müharibənin haqlı tərəfi olsa da, Rusiyanın işğal faktı və ABŞ-nin mövqeyi onu çətin duruma salıb. Burada əsas açar ABŞ-dir. ABŞ-nin, yəni prezident Donald Trampın mövqeyi və tələbləri hazırda Ukraynanın əleyhinə yönəlib. Test kimi mediaya sızdırılan şərtlər faktiki olaraq Ukraynanın kapitulyasiyası idi. Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri buna etiraz etdilər. Proses yenidən ilkin varianta qayıtdı. İndi də mediaya yeni bir variant sızdırılıb. Əgər bu, realdırsa, əvvəlki variantla müqayisədə Ukrayna üçün bir çox müsbət tərəflər var.
Bu varinatda işğal edilmiş regionların Rusiya ərazisi kimi tanınmaması, Rusiyaya məxsus dondurulmuş aktivlərin bir hissəsinin Ukraynaya verilməsi, atəşkəs xətti boyunca silahsızlaşdırılmış zona yaradılması, Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın nəzarətinə verilməməsi, ABŞ-nin məsuliyyəti, təhlükəsizlik zəmanəti və s. kimi müsbət irəliləyişlər öz əksini tapır. Amma variant nə qədər realdır və Rusiya bu şərtlərə razılaşacaqmı, bunlar əsas suallardır”.
Ekspert Avropa ölkələrinin enerji və bir sıra xammal ehtiyaclarına görə Rusiyadan asılı olduğuna diqqət çəkib:
“Rusiya-Ukrayna müharibəsinin, əslində, 4 tərəfi var: Rusiya, Ukrayna, ABŞ və Avropa. Rusiya işğal edir, Ukrayna müqavimət göstərir, ABŞ müharibənin kapitulyasiya bahasına olsa da, bitməsini istəyir, Avropa isə Ukraynanın kapitulyasiyanı qəbul etmir. Rusiyanı dayandırmağa isə gücü yoxdur. Yəni Avropa bu müharibədə həlledici aktor rolunu oynaya bilmir. Yalnız müəyyən yardımlar göstərməklə Ukryananın müqavimətinə dəstək verir.
Təbii ki, bu müharibədə Avropanın səmimi olmasından öncə onun maraqları gəlir. Bu gün Avropanın maraqlarına zəifləmiş Rusiya cavab verir. Ona görə də Ukraynaya göstərilən dəstəyi, onun müdafiəsinin əsasında duran əsas faktoru belə dəyərləndirmək olar. Avropa Rusiyaya etibar etmir. Rəsmi Moskva nə qədər desə də, biz Avropa ilə müharibə etmək istəmirik, ən azı Şərqi Avropadakı keçmişini və gələcək maraqlarını gizlətmir. Bu isə bütünlükdə Avropa üçün təhdid və qoca qitədə yenidən qarşıdurma deməkdir. Faktdır ki, Avropa ölkələri enerji və bir sıra xammal ehtiyaclarına görə Rusiyadan asılıdır. Bu, gələcəkdə Rusiyanın yenidən Avropada təsir gücününün artmasına gətirib çıxara bilər. Ona görə də Avropa ölkələri mümkün qədər indiki siyasi fürsətdən yararlanmağa çalışırlar.
Ukrayna bu dəstək hesabına işğal faktını aradan qaldırmaqla ərazi bütövlüyünün bərpasına nail olmaq istəyir. Rusiya isə ABŞ-nin mövqeyindən, Avropanın zəifliyindən istifadə edərək Ukrayna məsələsini birdəfəlik sonlandırmaq niyyətindədir. Bu, Rusiya üçün Avropaya açılan əsas qapıdır”.
Nəsimi Ələsgərli












