Smartfona ƏLVİDA, böcəklərə SALAM: "24 ildən sonra dünya tamamilə belə olacaq"
Gələcəyin mənzərəsi artıq bəllidir: 2050-ci ilə qədər həyatımızda olan bir çox vərdiş tarixə qovuşacaq, elmi-fantastik filmlərdə gördüyümüz səhnələr isə reallığa çevriləcək.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, fütüristlər yaxın 24 il ərzində insanlığı kökündən dəyişdirəcək ən vacib 5 texnoloji inqilabı açıqlayıblar.
1. 3D printerlərdə çap olunan orqanlar: Donor gözləməyə son!
Ekspertlərin fikrincə, 2050-ci ildə orqan çatışmazlığı problemi tamamilə aradan qalxacaq. Böyrək, qaraciyər və hətta göz kimi mürəkkəb orqanlar xəstənin öz hüceyrələri əsasında 3D bioprinterlərdə çap olunacaq. Bu, həm orqan köçürmə növbələrini bitirəcək, həm də bədənin yeni orqanı rədd etmə riskini sıfıra endirəcək.

2. Kosmik lift: Orbitə səyahət asanlaşır
Kosmos artıq əlçatan olacaq! Raketlərdən daha səssiz və dayanıqlı olan nəhəng kosmik liftlər inşa ediləcək. Bu liftlər həm yükləri, həm də sərnişinləri bir neçə həftəlik ecazkar mənzərəli səyahətlə birbaşa orbitə çatdıracaq.

3. Robot ev yoldaşları: Tənhalığa son, təmizliyə davam!
Hazırda yalnız Yaponiya və Çində populyar olan süni intellektli androidlər bütün dünyaya yayılacaq. Bu robotlar təkcə paltar yumaq, zibil atmaq və evi təmizləmək kimi işləri görməyəcək, həm də insanlara “dostluq” edərək tənhalıq problemini həll edəcəklər.

4. Smartfonların ölümü: Ekranlar divar kağızına çevrilir
Əlimizdən düşməyən smartfonların dövrü bağlanır. Onları “ağıllı eynəklər” əvəz edəcək. Evlərdəki televizorlar isə divar kağızı qədər nazik olacaq, hətta birbaşa divara boya kimi çəkilən ultra yüksək keyfiyyətli səthlər ekran funksiyasını yerinə yetirəcək.

5. Qida rasionunda inqilab: Süfrələrdə həşərat tozu!
Ətraf mühit problemləri səbəbindən ət istehlakı kəskin azalacaq. Əsas protein mənbəyi kimi həşəratlardan istifadə ediləcək. Onlar bütöv halda deyil, toz formasında makaron, çörək və digər qidalara qatılacaq. Mütəxəssislər bu tozun yeməklərə ləzzətli “qoz dadı” verəcəyini iddia edirlər.

Ləman












