!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Soçi konqresi Suriyadakı hadisələrin çözüm nöqtəsidir" - politoloq  

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi bu gün Türkiyə və Rusiyanın təşəbbüsü ilə Soçidə Suriya Milli Dialoq Konqresi keçiriləcək. İki gün davam edəcək zirvə toplantısında 1600 nümayəndə iştirak edəcək. Suriya müxalifətinin dəvət olunmadığı bu görüşə Misir, İordaniya, İraq, Qazaxıstan, Livan və Səudiyyə Ərəbistanından müşahidəçilər qatılacaq. Zirvə toplantısına ABŞ-ın da dəvət edildiyi bildirilir.

Sözügedən Soçi Konqresinin məramını dəyərləndirən politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında həmin tədbirdən mühüm nəticələr gözlədiyini bildirdi:

Natiq Miri

“Soçi görüşü Suriyada gedən prosesi siyasi çözümə daşımaq məqsədi güdür. Bu prosesdə də həlledici ölkələr qismində Türkiyə, Rusiya və İran çıxış edir. Məhz bu ölkələrin təşəbbüsü ilə Suriyanın əksər bölgələrində nisbi də olsa atəşkəs təmin olunub. Belə olan halda gələcəkdə prosesin siyasi çözümü üçün konkret addımlar atılmalı və bütün qüvvələrin birgə qəbul edəcəyi strateji qərarlar qəbul olunmalıdır. Bunun üçün də Konstitusiya komissiyasının yaradılması nəzərdə tutulur. Soçi konqresinin ana gündəmi də məhz bu məsələdən ibarətdir. Təbii ki, ABŞ bu prosesdə maraqlı deyil. Çünki Vaşinqton həmin prosesin içərisində təsisçi dövlət olmadığından, daha çox BMT nəzdindəki Cenevrə prosesində maraqlıdır. Çünki məhz bu prosesdə ABŞ-ın təsir imkanları böyükdür. Ona görə də ABŞ Cenevrə prosesindən kənarda qəbul edilən qərarların hüquqi və legitim anlamı olmayacağını bəyan edib. Bu səbəbdən ABŞ-ın təsir dairəsində olan Suriya müxalifləri də Cenevrə prosesinə üstünlük verdiklərini deyərək, Soçi konqresinə qatılmayacaqlarını bəyan ediblər. Lakin buna rəğmən Suriyadakı hadisələri çözməyə hüquqi baxımdan qadir proses məhz Soçi görüşləridir. Çünki məhz burada iştirak edən bütün tərəflər Suriyada siyasi çözümün əldə edilməsində maraqlıdırlar. Soçidə Əsəd rejimi, bütün tayfa nümayəndələri, müxtəlifyönlü müxalif güc mərkəzləri iştirak edir.

Bütün tərəflərin iştirakı ilə Soçidə Konstitusiya komissiyası seçilərsə, gələcəkdə onun vasitəsilə Suriyanın yeni Konstitusiyasını yaratmaq mümkün olacaq. Onun ardınca da Suriyada yeni seçkilər təbii ki, BMT nəzarətində baş tutacaq. Bu səbəbdən Soçi konqresini qeyri-ciddi hesab etmək düzgün yanaşma deyil. Ona görə ki, qəbul olunacaq qərarların legitimliyi üçün daha ciddi ictimai əsaslar var. Həmin səbəbdən də Soçi konqresi ölkədə normal vəziyyət üçün ciddi zəmin yarada bilər. Məhz bu baxımdan BMT-nin Cenevrə konqresindəki əsas təmsilçisi Denistura da Soçi konqresinə qatılacaq. Deməli, Denistura da Soçi konqresindən çıxacaq qərarlara göz yuma bilməyib. Çünki bu konqresdə toplanan bütün qüvvələr Suriyanı təmsil edir. Hakimiyyət və ictimaiyyət tərəfindən 1600-ə qədər nümayəndə ora qatılacaq. Belə olan halda onların qəbul etdiyi qərarları qeyri-legitim adlandırmağın özü bir qeyri-ciddilikdir”.

ELÇİN

COP29

www.yenicag.az

1749
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv