Son günlərin dələduzluğu: "Linkə daxil ol, 850 manat qazan"
Elə bildim yalandır, amma doğrudan da 850 manat aldım! Gedin yoxlayın!
Son zamanlar sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində “pul qazandım”, “hamıya ödəniş edilir” kimi cəlb edici ifadələrlə yayılan saxta linklərin sayı xeyli artıb.
Yenicag.az-a açıqlamasında İT mütəxəssisi Əmrah Mövsümzadə bildirib ki, bu cür paylaşımların əsas məqsədi istifadəçiləri aldatmaq və onların məlumatlarını ələ keçirməkdir.

Onun sözlərinə görə, yalan linklərə daxil olan vətəndaşlar bir neçə ciddi risklərlə üz-üzə qala bilərlər:
”İlkin növbədə şəxsi və maliyyə məlumatları yəni bank kartının nömrəsi, CVV kodu, SMS təsdiq şifrələri dələduzların əlinə keçə bilər. Nəticədə istifadəçinin hesabından pul çıxarıla və ya onun adından müxtəlif ödənişlər həyata keçirilə bilər. Digər tərəfdən, bu link vasitəsilə telefona və ya kompüterə zərərli proqramlar yüklənə bilər və cihaz tam nəzarət altına alınmış ola bilər”
Mütəxəssis qeyd edib ki, bu cür dələduzluqlardan qorunmaq üçün vətəndaşlar bir neçə vacib qaydaya əməl etməlidir:
“Naməlum və şübhəli mənbələrdən gələn linklərə, xüsusilə də “asan qazanc”, “pulsuz pul”, “təcili yoxla” kimi emosional çağırışlarla olan paylaşımlara inanmaq olmaz. Linkin ünvanına diqqət yetirmək və rəsmi saytın olub-olmadığını yoxlamaq vacibdir. İki mərhələli təhlükəsizlik sistemlərini aktiv etmək və antivirus proqramlarından istifadə etmək də mühüm əhəmiyyət daşıyır.”
Ə. Mövsümzadə bildirir ki, internetdə çox yaxşı görünən təkliflərin böyük əksəriyyəti dələduzluqdur və əsas qoruyucu vasitə istifadəçinin diqqətli və məlumatlı olmasıdır.
Sona Əliyeva












