“Sonra gəlib deyəcəklər, papağını da ver, namusunu da…” – Məşhur rejissorun DOĞUM GÜNÜDÜR
“Şura hökuməti ilə mənimki tutmaz, bəy. Mən gördüyümü Allah heç kimə göstərməsin. Oğlum Yadullanın müsibəti heç belə olmamışdı. Canımı dişimə tutub birtəhər dözürdüm. Torpağımın yarısını aldılar, dinmədim, taxılımı apardılar, dinmədim… Əşi, hansını deyim? İndi də bu kolxoz oyununu atıblar ortalığa. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını ver, arabanı da… Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da… Hələ bir soruşursan ki, Şura hökuməti mənə nə edib?!”
“Axırıncı aşırım” filmində Abbasqulu bəy Şadlinski ilə Kərbəlayi İsmayıl arasındakı bu məşhur dialoqu təsadüfən xatırlamadım.
Görkəmli rejissor və aktyor Adil İsgəndərovun doğum günüdür. Yaratdığı obrazları da özünə bənzəyirdi – ləyaqətli, ağayana, koloritli…
“Qanun naminə” filmində Kamilov, “Dərviş Parisi partladır”da Hatəmxan ağa, “Uzaq sahillərdə” Rossolini, “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl… Bütün obrazlara möhürünü vursa da, Kərbəlayi İsmayıl obrazı bir başqa cür möhtəşəmliyi ilə yaddaşlara yazılıb.
Azərbaycan kinosu və teatrında qazanılan bütün uğurlarda onun payı əvəzsizdir. Adı kino və teatr tarixinə əbədi yazılan bir çox aktyorlar milli kinoda tanınmasına görə məhz ona borcludurlar.
Sənətkar Adil İsgəndərov bu gün də çəkildiyi obrazları ilə yaddaşlarda yaşayır. Onun rejissor kimi çəkdi yeganə filmi – “Əhməd haradadır?” milli kinomuzun şedevrlərindən sayılır.
Təəssüflər olsun ki, bu gün bayağı filmlər ekranlara ayaq açır, qeyri-peşəkarlar meydanda at oynadır, kinomuz tənəzzülə uğrayıb. Belə bir dönəmdə yeriniz çox görünür, Adil İsgəndərov.
Cəvahir