!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOS Uşaq Kəndləri Gəncə filialındakı dəhşətlərin YENİ DETALLARI: “Deyirdilər, səni tutduracağıq” - FOTO

!Reklam – Yazi

“Həqiqətən, bilmirdim ki, qızımın başına nələr gəlib, o şəkil məsələsi nədir…”

“Anama deyiblər ki, SOS bağlanır, məni “detdom”a verəcəklər, o da qorxudan gəlib məni götürüb apardı”.

Gəncə SOS Uşaq Kəndində baş verənlərlə bağlı araşdırmaları davam etdiririk.

Bundan əvvəlki yazılarda Gəncə SOS Uşaq Kəndində yaranmış dözülməz vəziyyəti diqqətinizə çatdırmışdıq.

İlk yazıdan sonra SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının yaydığı bəyanatda baş verənlərlə əlaqədar təhqiqata başlandığı bildirilmişdi. Həmin bəyanatın verilməsindən 2 aydan artıq vaxt keçməsinə baxmayaraq, ictimaiyyət bu təhqiqatın gedişi və nəticələri barəsində hələ də məlumatlandırılmayıb. Bu vəziyyət adıçəkilən qurumun belə bir təhqiqat aparıb-aparmadığını da sual altına salır. Hər halda, SOS Uşaq Kəndlərinin Milli direktoru Rəşad Hüseynov bu məsələyə aydınlıq gətirməlidir.

Xatırladaq ki, ilk yazıda Gəncə SOS Uşaq Kəndində yaşayan uşaqların SOS Uşaq Kəndinin Gəncə filialının müdiri Nəsimi Ələkbərlinin maşınını yumağa məcbur edildiyi də qeyd olunmuşdu. Hətta bu faktı təsdiqləyən fotoşəkil də yayımlanmışdı.

 

Həmin fotonu çəkdiyi üçün incidilən, daha sonra isə Gəncə SOS Uşaq Kəndindən qovulan Zarina Musayeva və onun anası Musayeva Patimat Həmid qızı Yenicag.az-ın qonağı olaraq, orada yaşanan dəhşətin görünməyən tərəflərinə işıq salıblar.

Patimat Musayeva öncə qızı Zarinanı Gəncə SOS Uşaq Kəndində yerləşdirməsinin səbəbləri barədə danışır:

– Qızım doğulandan yeddi ay sonra həyat yoldaşımdan ayrılmışam. O vaxtdan bizimlə maraqlanmayıb. Qızıma 2 yaş 3 aylığına kimi özüm baxmışam. Onda Balakəndə təndir sexində işləyirdim. Xəstəlik tapdım. Həkimlər səhvən başımda xərçəng xəstəliyi diaqnozu qoymuşdular. Çox qorxurdum. Gördüm ki, uşağa baxa bilmirəm. Elə o zaman uşağın gələcəyi üçün onu Gəncə SOS Uşaq Kəndindinə yerləşdirdim…

Bir müddət sonra işləmək üçün Bakıya gəldim. Buradan zəng edirdim ki, sabah gəlirəm, qızımla tez görüşdürün, geri qayıtmalıyam. Çünki görüşə problem yaradırdılar.

– Niyə mane olurdular ki?

– Səbəb kimi göstərirdilər ki, uşaqla valideyn tez-tez görüşsə, sonra oraya uyğunlaşmasında problem yaranacaq. Nadir hallarda evə gəlməyinə icazə verirdilər. Sonra bunu da yığışdırdılar ki, digər uşaqlar da öz valdeynləri ilə görüşmək istəyəcəklər. Ayaq üstə uşaqla necə görüşəsən, onunla qaçaraqmı danışasan? Uşağımla isinişməyimə imkan vermirdilər. Hal-hazırda uşağım məni istəmir. Buna səbəb də onların davranışı idi. Uşaq ömür boyu orada qalmayacaqdı, yaşı tamam olandan sonra təbii ki, öz yanıma aparacaqdım. Ancaq onlar elə şəriat yaratdılar ki, indi uşağım yanımda qalmaq istəmir. Deyir, mənə sənin analıq hərarətin vaxtında lazım idi.

– Zarina SOS-dan niyə çıxdı?

– Zarinanın çəkdiyi şəkil onun qovulmasına səbəb oldu.

– Hansı şəkil?

– SOS Uşaq Kəndi Gəncə filialının müdiri Nəsimi Ələkbərlinin maşınını uşaqlar yuyurmuş. Zarina da onların şəklini çəkib. Şəkli çəkdikdən sonra gətirib telefonu anaya – Nəcibə xanıma verib. Şəkil yayılıb, ondan sonra Zarinanı ofisə çağırıblar. Nəsimi müəllim və digərləri qızıma deyiblər ki, səndən prokurorluğa şikayət edəcəyik, tutduracağıq. Zarina da stresə düşüb. Mənə zəng elədilər ki, Zarinanın ürəyi tutub. Sonradan bildim ki, Zarina 3 gün qızdırmadan yataqda qalıb. Hər dəfə ora gedəndə uşağın bu vəziyyətə düşməyinin səbəbkarı kimi ananı – Nəcibə xanımı göstərirdilər. Ana ilə görüşə bilmirdim, Zarina da mənə heç nə demirdi. Uşağı elə qorxutmuşdular ki, heç nə danışmırdı. Hələ də uşaqdan SOS barəsində heç nə öyrənə bilmirəm. Soruşanda da başını tutub, qışqırır. Bir ana kimi uşağımla dərdləşə bilmirəm. Hər gün deyir ki, bir şəklə görə məni bu hala saldılar, sən mənim arxamda durmadın. Həqiqətən, bilmirdim ki, qızımın başına nələr gəlib, o şəkil məsələsi nədir…

– Zarina oradan necə qovuldu, bunu necə əsaslandırdılar?

– Uşaq həmin şəklə görə oradan çıxarılıb. Bir gün mənə zəng vurdular ki, təcili gəlməlisən, SOS bağlanır, uşağına yiyə durmalısan.

– Bunu sizə kim dedi?

– Mətanət xanım.

– Davam edin…

– Getdim. Orada bir neçə başqa valideyn də vardı. Bizə dedilər ki, uşaqları sentiyabrıın 1-nə kimi ya özünüz aparın, ya da “detdom”a göndərəcəyik. Dedilər, ən yaxşısı, uşaqlarınızı öz istəyinizlə buradan aparın. Dedim, xəstəyəm, uşağa yaxşı baxmağa imkanım yoxdur. Dedilər, ona bir qarın yemək verə bilməyəcəksən? Dedim, onu edərəm, amma təhsil almaq məsələsi də var axı… Axırda məni məcbur elədilər, Balakən Rayon İcra Hakimiyyətinə ərizə yazdım ki, uşağı götürüb, ona özüm baxa bilərəm. Bununla bağlı işdən icazə istədim, icazə vermədilər, məni işdən çıxardılar. Getdim, İcra Hakimiyytətinə ərizə yazdım. Orada məndən soruşdular ki, sənin uşağı saxlamağa imkanın var? Heç nə deyə bilmədim. Deyə bilmədim ki, SOS bağlanır, ona görə məni göndəriblər. SOS-da dedilər ki, “detdom”da uşaqlara pis baxırlar, onları döyürlər. Bunları Mətanət xanım deyirdi.

– Nə vaxt bildiniz ki, qızınızı o şəkil məsələsinə görə qovublar?

– Bunu uşağı Bakıya gətirəndən sonra bilmişəm. Mənə zəng edib dedilər ki, Zarinanı çəkdiyi şəklə görə incidiblər. Bir ay sonra öyrəndim ki, əslində, SOS bağlanmayıb. Dərhal Nəsimi Ələkbərliyə zəng elədim. Dedi ki, siz uşağınızı götürəndən sonra qərar verdilər ki, SOS bağlanmasın. Şəkil söhbətini eşidəndən sonra özüm də istəmədim ki, Zarina oraya getsin. Qorxdum. Zarina artıq böyük qızdır, başına iş aça bilərdilər…

Patimat Musayevadan bir neçə gün sonra Zarina Musayeva da redaksiyamıza gəldi. Zarina uzun illər SOS Uşaq Kəndinin Gəncə filialında yaşayıb. O, hazırda Akrobatik gimnastika üzrə Azərbaycan milli komandasının üzvüdür.

– Zarina, SOS-da başına gələnləri sənin öz dilindən eşidək…

– Açığı, SOS-a necə düşdüyümü bilmirəm. Bildiyim tək şey budur ki, 2 yaşımda anam məni oraya aparıb. Məni Nəcibə ana böyüdüb. 14 yaşım olanda, Nəcibə ananı işdən çıxardılar. Çıxarılmasının səbəbi də mənim çəkdiyim o şəkil oldu. Bizim evdə Samir adlı uşaq vardı. O, filial müdiri Nəsimi Ələkbərlinin maşınını yuyurdu. Ana mənə dedi ki, get Samiri çağır. Samiri çağıranda, gördüm, Nəsimi müəllimin maşınını yuyur. Gəlib bunu Nəcibə anaya dedim. O da, mənə telefon verdi ki, onun şəkilini çək, mənə göstər. Mən də onun dediyini yerinə yetirdim. Sonra şəkil yayıldı, söhbət böyüdü. Məni ofisə çağırdılar, qorxutdular…

– Kim qorxutdu?

– Nəsimi müəllimlə Mətanət xala. O şəkili niyə çəkdiyimi, bunu kimin tapşırığı ilə etdiyimi soruşurdular, məni polislə qorxudurdular. Dedilər, səni tutduracağıq. Qorxudan xəstələndim, 3 gün qızdırmadan evdə yatdım.

– Bu barədə anana məlumat verdin?

– Yox, anama heç nə demirdim.

– Bəs SOS-dan necə qovuldun?

– Bunu heç özüm də anlamadım. Anama deyiblər ki, SOS bağlanır, məni “detdom”a verəcəklər, o da qorxudan gəlib məni götürüb apardı. Əslində, ora bağlanmırdı.

– SOS-da uşaqların döyülmə halları olurdu?

– Döyülmə bütün ailələrdə olurdu. Hər səhv üstündə döyülürdük də, vurulurduq da, sevilirdik də. Bizim ailədə Nəsimi müəllim Samirə sillə vurmuşdu.

– SOS-un qarşısında bar var. Ora nə zaman tikilib?

– Bəli, oranın girəcəyində bar var. Ora sonradan tikilib. Samir və Murad orada işləyirdi.

– O uşaqların neçə yaşları vardı?

– 14-15.

– SOS-un həyətində stadion da var. Orada axşamlar kənar şəxslər futbol oynayırdılar?

– Bəli. Axşamlar məşqdən gələndə bunu görürdüm.

– Uşaqlar Nəsimi Ələkbərlinin maşınını yuyurdular?

– Bəli. Bütün ailələrin, ən çox da bizim ailənin uşaqları onun maşınını yuyurdular. Nəsimi müəllimin evində işləməyə gedənlər də olurdu. Ancaq bizim evdən gedən olmayıb. Ən azı mən görməmişəm. Digər evlərdən gedənlərin olduğunu bilirəm.

– Zarina, bir məsələni də dəqiqləşdirməyə ehtiyac var. Kənddə uşaqların zorlanması haqda danışırlar, belə bir şey olub?

– Bir nəfərin zorlanmasından xəbərim var. (Etik səbəblərə görə o uşağın ad və soyadını yazmırıq – Red.)

– Oradakı bara kimlər gedirdi?

– Qızların getdiyini görməmişəm. Oğlanlar gedirdilər. Bəziləri işləmək üçün gedirdi, bəziləri də elə-belə…

– Sənin oradan çıxarılmağın həyatında nəyi dəyişdi?

– Çox şeyi dəyişdi. Məşq, məktəb, şərait… Ora öz evim kimi idi, ancaq indi vəziyyət tamam başqadır. Mən əslində, gimnastikaya görə yox, “SOS bağlanır” adı ilə oradan çıxarılmışam. Hazırda Akrobatik gimnastika üzrə Azərbaycan yığmasındayam. Yaxın vaxtlarda Gürcüstanda keçiriləcək yarışda Azərbaycanı təmsil edəcəm.

Qeyd: Zarina Musayevanın azyaşlı olduğunu nəzərə alaraq, şəkillərini yayımlamırıq.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3334
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv