Sosial məkanda bəyənilməyən teleaparıcı kimdir? – Sorğu
Azərbaycan teleefir məkanında müxtəlif tip və mövzuda proqramlar yayımlanır. Televerilişlərin böyük əksəriyyəti şou xarakterlidir. Belə proqramlar daha çox insanın şəxsi həyatını açmağa, bununla gündəm yaratmağa meyllidir.
Sosial-siyasi proqramlarda aparıcıdan nə qədər səlis nitq qabiliyyəti, ciddiyyət tələb olunursa şou proqramlarda da bir o qədər yüksək peşəkarlıq istənilir. Ən xırda nöqsanı belə, tamaşaçı anında sezir. Nəticədə bu tip xırda nüanslar, aparıcının qeyri-peşəkarlığına gətirib çıxarır.
Şou xarakterli proqramların üstünlük təşkil etdiyi yerli televiziya kanallarımızda kifayət qədər qeyri-peşəkar, qeyri-ciddi aparıcılar var. Geyimindən tutmuş, efir mədəniyyətinə qədər vacib qaydalara riayət edə bilməyən aparıcılar televiziyaları zəbt edib. Mövzunu daha da konkretləşdirmək üçün Yenicag.az olaraq sosial şəbəkə istifadəçilərinə “Azərbaycan teleefir məkanında bəyənmədiyiniz aparıcı kimdir? Və nə üçün?” suallarını ünvanladıq. Aldığımız cavablar fikrimizdə yanılmadığımızı göstərdi.
Nəcəf Nəcəfli : “ATV kanalında “Gündəlik” verilişini aparan Mətanət xanımı bəyənmirəm. Çünki müsahiblərlə, verilişə gələn qonaqlarla kobud rəftar edir. Ümumiyyətlə, bu kimi səbəblərdən televiziya verilişlərini çox izləmirəm”.
Leyla Məhərrəmova : “Düzünü desəm TV-yə çox baxmıram. Amma ümumi götürəndə aparıcılarda bəyənmədiyim xüsusiyyətlər çoxdur. Məsələn, Xoşqədəm Hidayətqızının”Səni axtarıram” verilişində insanlara elə mənəvi əzab verməsini heç xoşlamıram. Düzdür, o insanlara kömək edir, onları yaxınlarına qovuşdurur, amma hesab edirəm ki, o qədər acı çəkən insanı bir araya yığıb ağlatmaq, gözləməyə məcbur etmək düzgün deyil. Burda söhbət insanın hissindən gedir. Hisslərlə oynamaq isə təhlükəlidir. Digər tərəfdən indi televiziyada olan verilişlərin çoxu insanların məişət problemləri həll etmək prinsipi üzərində qurulub. Ona görə də aparıcılar məişət üslubunda danışıb insanların ailə problemlərini həll edir. Yəni belə verilişlərə baxanda mən maariflənib eləmirəm, daha çox əsəb keçirirəm. Aparıcılar intellektual cəhətdən kasıbdırlar. Ona görə də TV-ə heç baxmıram”.
Rəşad Şərifzadə: “ Ümumiyyətlə Azərbaycan teleefirini bəyənmirəm. Demək olar ki, bütün verilişlərdə aparıclarla mövzu paradoks təşkil edir. Azərbaycan televiziyası insanları manqurtlaşdırır”.
Məryəm Cəfər: “Demək heç birini bəyənmirəm. Çünki heç biri özünü efir mədəniyyətinə uyğun aparmır. Düşünmürlər ki, qocalı-böyüklü, uşaqli-gəncli hamı onlara baxır. Uşağın oturub o şit hərəkətlərdən öyrənəcəyi tək şey elə şitlik olacaq. Həmdə çox zaman tələffüs qaydalarında da problem yaşanır. Efirdə rusca kəlimələr işlədilir. Ya verilişi rusca etsin, ya da öz dilimizə hömət etsin. Fikrimcə efridə ideal aparıcı yoxdur”.
Toğrul İsmayıl: “Azərbaycan teleefirində olan aparıcıların 90 %-ni bəyənmirəm. Bunların içində isə ANS-də günəbaxan verilişinin aparıcısı aktrisa Telli Hüseynovadır. Səbəbi çox sadədir. Azərbaycan dilini bərbad hala salır, yersiz sözlərdən çox istifadə edir və həddindən artıq biədəb şəkildə gülür. Bu isə tamaşaçıya qarşı həqarətdir.”
Düriyə Həsən: “Efir məkanında bu gün insanları gah ağladan, gah da şitiniçıxaran proqramlar o qədər çoxdur ki, bilmirsən verilişin formatını pisləyəsən, yaxud da aparıcını. O ki qaldı bəyənməyə nümunə tapmıram. Bəyənmədiklərim çoxdur. Aparıcılar “əsl aparıcı necə olmalıdır” sualının cavabını bilsəydilər inanın ki, bu işə girişib özlərini biabr etməzdilər. Söhbət Mətanət və Rövşanə kimi aparıcılardan gedir”.
Fidan Həsənzadə: “ Teleaparıcılardan Zaur Baxşəliyevi və Xoşqədəm Hidayətqızını heç sevmirəm. Səbəbinə gəldikdə isə, Zaur efirdə çox sünilik edir. Xoşqədəm isə efir adamı deyil. Aparıcı kimi bir çox nöqsanları mövcuddur”.
Kamran ƏDALƏTOĞLU