“Sovetski”-də qarşıdurma yaşandı-Foto
Bu gün səhər “Sovetski”də evlərinin sökülməsi ilə razılaşmayan sakinlərlə rayon İcra Hakimiyyəti əməkdaşları və polislər arasında qarşıdurma yaranıb.
Yenicag.az xəbər verir ki,xəbər verir ki, qarşıdurmaya səbəb söküntü işlərinin verilən məbləğlə razılaşmayan vətəndaşların evlərinə ziyan vurması olub. Sakinlər iddia edir ki, söküntü işləri qəsdən elə aparılır ki, sökülməsi razılaşdırılmayan mənzillər yararsız hala düşsün: “Bizim işığımızı kəsdilər, suyumuzu kəsdilər, üstümüzə kanalizasiya suyu axıtdılar, amma biz buna dözdük, öz haqqımızı tələb etməkdə davam etdik. İndi burada aldıqları mənzilləri elə şəkildə sökürlər ki, bizim evimiz də uçur, yararsız hala düşür. Bununla çalışırlar ki, biz məcburiyyət qarşısında qalıb onların təklifləri ilə razılaşaq”.
Yaranan qarşıdurmadan sonra Yasamal Rayon İcra başçısı İbrahim Mehdiyev “Sovetski”yə gəlib. Sakinlər icra başçısına öz şikayətlərini bildirsələr də, İbrahim Mehdiyev söküntü işlərinin sürətləndirilməsi əmrini verib. O, hadisə yerindən getdikdən sonra isə vətəndaşlar evləri sökməyə çalışan fəhlələrə mane olmağa çalışıblar. Bu zaman onların qarşısını almağa cəhd edən polislə vətəndaşlar arasında qarşıdurma daha da böyüyüb. Bir neçə nəfərin polisə aparıldığı bildirilir.
Qeyd edək ki, Bakının “Sovetski” məhəlləsində 10500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.