“Standart Plus” müştəriləri aldadır-Rəsmi
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, 2071-ci məhəllə ünvanında yerləşən “Standart Plus” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Yoxlama zamanı məlum olub ki, müəssisədə məhsulların istehsalı zamanı rəsmi qaydada təsdiq olunmuş resepturaya tam əməl edilmir. Belə ki, tünd içkilərin resepturasında təbii bal göstərilsə də, faktiki istehsalda şəkər tozundan hazırlanmış şərbətdən istifadə olunur. Eyni zamanda istehsalda reseptura ilə nəzərdə tutulmayan 70% sirkə turşusundan (essensiya) istifadə olunur. Məhsulun qablaşdırılma vahidinin ön hissəsinə vurulan etiketdə göstərilən məlumatlar qanunvericiliyə zidd olaraq dövlət dilində aparılmır. Bununla da istehlakçıda məhsulun Rusiya istehsalı olması barədə yalnış fikir formalaşdırılır, normativ sənədin tələblərinə əsasən tünd içkilərin saxlanma müddəti 6 ay olduğu halda, markalanmada son istifadə müddəti göstərilmir. Müəssisənin alkoqollu içkilərin keyfiyyət göstəricilərinin təyini üzrə akkreditasiya olunmuş sınaq laboratoriyası mövcud olsa da, istehsal olunan məhsulların normativ sənədlərlə nəzərdə tutulmuş sınaqları tam aparılmır. Belə ki, laboratoriyanın akkreditasiya sahəsinə aid olan şəkərin miqdarının və ümumi eksraktivliyin təyini aparılmır, habelə təhlükəsizlik göstəricilərin təyini üzrə sınaqlar ümumiyyətlə aparılmır və bu sınaqların aparılması üçün müəssisə hər hansı akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlamayıb. Həmçinin məhsulların istehsalında istifadə olunan xammalların uyğunluq sertifikatları yoxlamaya təqdim olunmayıb.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar qəbul edilib.