Su üzünə həsrət qalan kənd
Şəkinin Aşağı Küngüt kənd sakinləri artıq 3 ildir ki, içməli su problemi yaşayırlar. Kənddə onlarla bulaq quruyub. Hazırda sakinlərin istifadə etdiyi az sayda bulağın da quruma ehtimalı qaçılmazdır.
Əvvəllər də su sarıdan əziyyət çəkən kənddə son bir neçə ildə vəziyyət daha dözülməz hal alıb. İki min nəfərə yaxın əhalisi olan kənddə mövcud olan iki-üç bulaq isə əhalinin suya olan tələbatını ödəmir. Sakinlər suyu əllərində uzaq məsadən gətirmək məcburiyyətindədirlər. Suyun zəif gəlməsi səbəbindən bulaq başında uzun-uzadı növbələr yaranır. Sakinlər evlərinə əli boş qayıtmamaq üçün bəzən bütün gecəni bulaq başında keçirməli olurlar. Onlar min-bir əziyyətlə gətirdikəri sudan çay qoymaq, yemək bişirmək, paltar yumaq, hətta mal-qaranı suvarmaq üçün istifadə edirlər.
Həyətyanı təsərrüfatın suvarılmasından isə söhbət belə gedə bilməz. Təqribən bir il öncə bu problemi minimuma endirmək üçün subartezian quyusu qazılıb. Ancaq vaxtında tədbir görülməzsə, bu mənbə də yararlılığını itirəcək. Kənd icra nümayəndəsi vəziyyəti quraqlıqla əlaqələndirir. Müsahibim problemin həlli istiqamətində artıq işlərə başlanıldığını bildirib. Məlumatı “Azərsu” Səhmdar Cəmiyyəti də təsdiqləyib.
Məlumata görə, layihədə nəzərdə tutulmuş 250 ədəd artezian quyusunun qazılması işləri tamamlandıqdan sonra həmin quyuların elektrik şəbəkəsinə qoşulması reallaşacaq. Ancaq quyuların nə vaxt istifadəyə veriləcəyi barədə dəqiq tarix açıqlanmayıb. Belə olan halda bu kənd əhalisinin də gözləməkdən başqa çarəsi qalmır. (milli.az)