!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhəddin Əkbər ölkədə təxribat düyməsinə basıldığını yazdı

!Reklam – Yazi

sulheddin-111Sülhəddin Əkbər,

Azad Demokratlar Partiyasının sədri

Ötən ilin 21 fevralında cəmiyyət üçün daha açıq şəkildə aydınlaşan maliyyə-iqtisadi böhran özü ilə bərabər dövlət idarəçilik sisteminin böhranını da üzə çıxardı. Rüşvət, korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyata dayanan məmur-oliqarx idarəçilik sistemi “bahalı neft” ixracından ölkəyə daxil olan böyük maliyyə axını, zor və yalan hesabına bu günə kimi ayaqda inamla dura bilirdi. Ancaq 21 fevraldan başlayan açıq reqressin, – xüsusən də dünyada və regionda sərtləşən geopolitik qarşıdurma və dünya bazarlarında neftin qiymətinin sərt düşməsinin davamı fonunda, – dərinləşərək iqtisadi böhrana keçəcəyi, onun da ağır sosial-iqtisadi və sosial-siyasi nəticələr doğuracağı və mövcud rejimi silkələyəcəyi də aydınca görünürdü.

Belə ki, cəmi bir il ərzində dövlət büdcəsinin gəlir hissəsi 24.777,6 mld. ABŞ dollarından (2015- ildə 19.438 mln man : 0,7845 = 24.777,6 mld. ABŞ dolları olub) 9.277,7 mlrd ABŞ dollarına düşüb (bugünkü – 14 yanvar 2016-cı il kursu ilə büdcə gəliri: 14.566 mln: 1,57= 9.277,7 mlrd dollar edir). Dövlət büdcəsinin gəlir hissəsi üzrə real azalma: 24.777,6 – 9.277,7= -15.499,9 mlrd ABŞ dolları olub. Bu, faizlə: (15.499, 9:24.777,6) x 100= – 62.556 % edir.

Onu da nəzərə almaq lazımdır ki, qeydolunanlar 2016-cı ilin dövlət büdcəsinin gəlir hissəsinin nəzərdə tutulan miqdarıdır. Bəs, bu gedişlə büdcə öhdəlikləri yerinə yetirilə bilərmi?!

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti artıq 31,55 dollara bərabərdir. AR-in neft istehsalının azalmaqda olduğu, dünya bazarlarından, – daha ucuz neft təklif edənlər tərəfindən,- sıxışdırılması, ABŞ-ın artıq dünya neft bazarına çıxması, İrana tətbiq edilən sanksiyaların da bu günlərdə götürülməsinin gözlənilməsi, Çində iqtisadi böyümə tempinin düşməsi, eyni zamanda FES-in bu il ərzində bir neçə dəfə faiz stavkalarını artıracağının gözlənməsi də nəzərə alınarsa, bu sürətli enişin davam edəcəyi və Azərbaycanda böhranın ilin ikinci yarısından etibarən, ilin sonuna doğru dibə vuracağı gözlənilir.

Nəzərə alınmalıdı ki, dünya bazarında neftin 1 barrelinin qiymətinin 40 dollardan aşağı düşəcəyi halda, Azərbaycanın mövcud (həqiqətən mövcudsa!) maliyyə ehtiyatları ilə, – xarici yardım almadan , – cəmi 6 ay dözə biləcəyi proqnozlaşdırılır.

Hesablamalara görə, manatın bugünkü real kursu, təqribən, 1 ABŞ dolları = 2.1 manatdır. Manatın üzən məzənnəyə keçidi elan edilsə də tənzimlənməsi, deməli, azalan maliyyə ehtiyatlarının sürətlə əriməsinin davam edəcəyinin göstəricisidir. Dolların da bahalaşmaqda davam edəcəyi nəzərə alınarsa, bu gedişlə ilin birinci yarısının sonuna doğru 1 ABŞ dollarının 4.75 manat olacağı və milli maliyyə ehtiyatlarının tükənəcəyi gözlənilir.

2015-ci ilin 10 ayı ərzində ÜDM real dəyərdə 31,1% azalıb və bu meyl davam etməkdədir. Yeri gəlmişkən, bu rəqəm yaxın perspektivdə 1 milyondan artıq (!) işçinin işsizlər ordusuna qatılacağını “vəd edir”…

Göründüyü kimi, bu gedişlə büdcə öhdəliklərinin yerinə yetirilməsi mümkün olmayacaq.

12 yanvar 2016-cı ildə, yeni büdcə ili başlayar-başlamaz, Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovun: “Ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0 faiz ixtisar edilməsi qərarına gəlinib” – deməsi bir daha gəldiyimiz bu qənaəti təsdiqləməkdədir.

Bu halda, – mövcud şərtlərdə korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyatla səmərəli, xüsusən də iqtisadi yollarla mübarizənin mümkün olmadığı da nəzərə alınarsa,- inflyasiyanın hiperinflyasiyaya keçəcəyi, alıcılıq qabiliyyəti kəskin aşağı düşmüş əhalinin sosial durumunun kəskin pisləşəcəyi, dözülməz hal alacağı və kütləvi etirazların bütün ölkəni bürüyəcəyi gözləniləndir.

Yaranmış bu durum hakimiyyətdən təxirəsalınmaz antiböhran tədbirlərinin görülməsini, geniş və dərin demokratik islahatlara və “böyük təmizləmə”yə başlamasını tələb edir (Tanınmış siyasətçi Prezidenti hökuməti tam tərkibdə istefaya göndərməyə çağırdı: “Yaranmış durum “böyük təmizləmə” tələb edir”).

Bu səbəbdən dövlət başçısı tələsik bir sıra addımlar atmağa məcbur olub.

Dövlət başçısı İlham Əliyevin zamanın imperativ tələbinə çevrilmiş təxirəsalınmaz antiböhran tədbirləri görməsinin, geniş və dərin demokratik islahatlara və “böyük təmizləmə”yə başlamasının önlənməsi üçün hakimiyyətdaxili məlum qüvvələr və onların xarici havadarları vaxt itirmədən hərəkətə keçiblər. Çünki ali dövlət hakimiyyəti orqanları başda olmaqla, bütün dövlət və hökumət orqanlarında, dövlət məmurları arasında “böyük təmizləmə” aparılsa , ilk növbədə, aparılacaq islahatlara bu və ya başqa şəkildə mane olacaq:

– yaşlı, tibbi-bioloji baxımdan əmək qabiliyyətini itirmiş və təqaüd yaşı çatmış kadrlar;

– siyasi-mənəvi baxımdan vaxtı çoxdan ötmüş keçmiş sovet və postsovet kadrları;

– rüşvətxor, kriminal-korrupsioner, inhisarçılıqda və gizli iqtisadiyyatda payı olan kadrlar;

– məmur-oliqarxlarla, hakimiyyətdaxili kriminal-korrupsioner qruplarla bağlı olanlar;

– maraqların konfliktinin qaçılmazlığı səbəbindən biznesi olan bütün dövlət məmurları;

– və 5-ci kolonun nümayəndələri kütləvi şəkildə işdən azad edilməlidir. Bir çoxlarının isə, eyni zamanda cəzalandırılacağı gözlənilir.

Azərbaycanda xalqın siyasətdən tam uzaqlaşdığı, ictimai-siyasi fəallığın “dibə vurduğu” bir zamanda yerlərdə xalqın həmən özünütəşkili və “erkən sosial etirazlar”ın başlaması ciddi suallar və şübhələr yaradır. Sosial tələblərlə başlayan bu etirazların Rusiyaya (Siyəzən), İrana (Lənkəran) və Ermənistana (Fizuli) sərhəd və ya yaxın rayonlardan başlaması da çox maraqlıdır və təsadüfi sayılmamalıdır.

Eyni zamanda, dövlət başçısı İlham Əliyevin təxirəsalınmaz antiböhran tədbirləri çərçivəsində gördüyü bir sıra tədbirləri (aksiz mallarından olan spitli içkilərin və tütün məhsullarının plastik kartla satışı, banklara valyuta məzənnələrinin müəyyən edilməsində sərbəstlik verilməsi, fiziki şəxslər gömrükdən adambaşına 10.000 ABŞ dolları dəyərində mal keçirməyə icazə verilməsi və s.) qısa müddətdən sonra yenidən ləğv etməsi və ya müvəqqəti durdurmasının arxasında da bu qüvvələrin uzun kölgələri görünür.

Yoxsa, Azərbaycanın siyasi hakimiyyəti üçün qum saatı işə salınıb – gerisayım başlayıb?! Çünki ölkədə təxribat düyməsinə artıq basıldığı görüntüsü var.

Bir şey də aydın nəzərə çarpır ki, ölkədə gedən bu reqress artıq mürəkkəb sistem böhranı xarakteri alıb və məlum səbəblərdən proseslərin inkişaf sürəti zamanla daha da artacaq.

Daxilən qırılqan, xarici təsirlərə isə həsas və açıq olan Azərbaycan böyük sınaq qarşısındadır. Zaman bizdən, xüsusən də siyasi iqtidardan və onun rəhbərindən vaxt itirmədən hərəkətə keçməyi, qəti addımlar atmağı tələb edir. Çünki bir millət və dövlət olaraq yaranmış vəziyyətdən mümkün olan ən qısa müddətdə və ən az itki ilə çıxmamız üçün mövcud olan resurslar əsasən hakimiyyətin, xüsusən də Prezidentin əlində cəmləşib.

Əks təqdirdə, başda siyasi hakimiyyət olmaqla, hamımız bütün Azərbaycanın uduzması təhlükəsi ilə üzbəüz qalmağa və itirməyə hazır olmalıyıq.

www.yenicag.az

1045
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv