Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisində 7 top mərmisi aşkar olunub.
Bu barədə Yenicag.az-a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Belə ki, noyabrın 21-i saat 10:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 10:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 7 ədəd top mərmisi aşkar olunub, 3 ədəd mərminin daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 4 ədəd mərminin daşınması təhlükəli olduğu üçün növbəti iş günündə yerində zərərsizləşdirilməsi nəzərdə tutulur.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.yenicag.az