Suriya və İraqda İŞİD artıq öz mövqeyini tamamilə itirmək ərəfəsindədir. Bu fonda Yaxın Şərqdə cərəyan edən proseslərə müdaxilə edən xarici qüvvələrdən hansı tərəfin bölgədə öz mövqeyini möhkəmləndirdiyi barədə müxtəlif fikirlər səslənir. Məsələn, Rusiya telekanalları bölgədə uğurun əldə edilməsində Moskvanın həlledici rol oynadığını bəyan edir. Amma ABŞ tərəfi bunun əksini düşünür. Görəsən, Suriyadakı proseslərdə hansı tərəf daha üstün oldu: ABŞ, yoxsa Rusiya?
Məsələni Yenicag.az-a şərh edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin prezidenti Araz Aslanlı bildirdi ki, Suriyada daha çox dividend əldə edən Rusiya və İran oldu:
“Suriyada cərəyan edən proseslərdə bir necə istiqamət nəzərə çarpırdı. Məqsədlərdən biri Suriyada rejimin, yəni Əsəd hakimiyyətinin dəyişdirilməsi idi. Digər məqsəd Suriyanın bölünməsi, başqa biri də mövcud hakimiyyətin qorunub saxlanılması idi. İranla Rusiya məhz Əsəd hakimiyyətini qoruyub saxlamağa çalışırdı.
Koalisiyada olan qüvvələr hakimiyyətin dəyişdirilməsini, bəzi qüvvələr isə hətta ölkənin parçalanmasını istəyirdi. İŞİD də bu fonda müxtəlif qüvvələr tərəfindən istifadə olunan bir vasitə idi. Bu günə qədər bölgədə cərəyan edən proseslərə nəzər yetirdikdə görürük ki, xarici dövlətlər arasında nisbətən üstün vəziyyətdə olan dövlət Rusiya və İrandır. Suriya müxalifəti əvvəl iki mərkəzdən ibarət olsa da, sonradan daha çox yerə parçalandı. Hətta onlar bəzən bir-birilə də savaşırdı. Suriyanın bölünməsilə bağlı böyük təhlükə vardı. Amma həmin təhlükə də Türkiyənin mövqeyini dəyişməsilə tam olmasa da, əhəmiyyətli dərəcədə dayanıb. Ankara ilə Moskva arasında münasibətlər yaxşılaşmağa başlayandan sonra, hadisələrin gedişi Suriyadakı proseslərə də təsir etdi.
Ölkənin bölünməsi prosesi əhəmiyyətli dərəcədə dayandı. Beləliklə, Suriyada hakimiyyət nəyi müdafiə edirdisə, kənar qüvvələrin çoxu da o nöqtəyə doğru irəliləyirlər. Bölgədəki arzuların reallaşmasına gəldikdə, bu arzular daha çox Əsədin hakimiyyəti qoruyub saxlamaqla bağlı maraqlarının təmin edilməsi timsalında reallaşır. Prosesdən qalib çıxan xarici qüvələr isə Rusiya və İrandır. Hətta Rusiya Suriya məsələsində Vaşinqtonla müqayisədə daha üstündür. Nəticə əldə etmək baxımından, ABŞ Rusiyaya uduzub. Çünki Əsədin hakimiyyəti möhkəmlənib. İkincisi, Suriyanın ərazi bütövlüyünə qarşı təhlükələr azalıb. Bu mənada ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya nisbətən, Rusiya-İran-Türkiyə əməkdaşlığı daha uğurlu alınıb”.
ELÇİN
www.yenicag.az