5 müxtəlif istiqamətlərdən gələn yolların kəsişdiyi və ölkənin ən böyük dairələrdən biri hesab olunan “Ukrayna dairəsi”ndə aparılan təmir-tikinti işləri artıq yekunlaşıb.
Dairə boyu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, sözügedən dairə boyu daim intensiv hərəkət müşahidə olunur. Xətai rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Məhəmməd Hadi küçəsinin yenidənqurulması layihəsi çərçivəsində təmir edilən dairə uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmurdu. Nəticədə dairənin asfalt-beton örtüyündə sürüşmə xarakterli deformasiyalar, qabarma və dağılmalar əmələ gəlmişdi. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olurdu. Məhz bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmirinə başlanıldı və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırıldı.
Təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kv.m sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca əsas asfaltlanma işlərinə start verilib. Dairəyə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sadalanan bu işlər 28 min kv.m sahəni əhatə edib.
Dairədə aparılan işlər zamanı kəsişən yollardan dairəyə rahat giriş-çıxışı təmin etmək üçün yeni yol ayrıcıları inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Bunun ardınca dairə boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Kompleks şəkildə görülmüş bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.
Bu işlərin minimum narahatlıq yaratması üçün Dövlət Agentliyi tərəfindən işlər dairədə iki mərhələ çərçivəsində həyata keçirilib. Növbəti mərhələdə Məhəmməd Hadi küçəsinin Həzi Aslanov metrostansiyasının qarşısından keçən hissəsinin yaxın günlər ərzində əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılacaq.
Ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.
www.yenicag.az