“Taksi sürəti ilə irəli getmək mümkün deyil” – Paşinyan hökuməti avtobusa BƏNZƏTDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət və dövlət qurumlarının fəaliyyətində müşahidə olunan ləngliyi təbii proses kimi dəyərləndirib.
Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, o, bu fikri hökumətin son iclası zamanı səsləndirib və apardığı araşdırmaların da bunu göstərdiyini bildirib.
“Hökumətin funksiyalarından biri də məhz ləng olmaqdır. Amma vacib olan budur ki, həmin ləngliyin içində biz sürətli ola bilək. Hökumət elə bir qurumdur ki, hər qərarı verməzdən əvvəl ‘yeddi ölç, bir kəs’ prinsipini rəhbər tutmalıdır”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir son vaxtlar rəsmi səfər etdiyi Estoniyanın dövlət idarəçiliyindən ciddi şəkildə təsirləndiyini qeyd edib. O bildirib ki, Estoniyada proqram və layihələr ən azı 6 ay-1 il əvvəlcədən planlaşdırılır, Ermənistanda isə qərarlar hökumətə cəmi iki həftə öncədən təqdim olunur.
“Bizdə bəzən altı ay sonra icra olunacaq qərarı bir neçə günə həyata keçirməyə çalışırlar. Bu, prosedurlara uyğun deyil. Əgər vaxtında nəticə istəyiriksə, planlaşdırmanı ən azı iki il əvvəldən etməliyik”, – deyə o bildirib.
Paşinyan dövlətin iş prinsipini avtobusla müqayisə edərək vurğulayıb ki, dövlət strukturları taksi sürəti ilə hərəkət edə bilməz:
“Avtobusun öz marşrutu, sürət standartı, təhlükəsizlik qaydaları var. Bəzən vətəndaşlar bizdən taksi sürəti ilə nəticə gözləyir, amma bu yanaşma mümkün deyil”.
Baş nazir sonda qeyd edib ki, bu temp və yanaşma ilə Ermənistanın dövlətçilik baxımından irəliləməsi çətin olacaq:
“Bu tempdə biz dövlət ola bilmərik. Yolda hərəkət qaydaları hamıya aiddir, təkcə “krutoy” olanlara yox”.
Rafi Müslümov