“Tatu salonlarına mütləq şəkildə xəbərdarlıq edilməlidir, bədənin müəyyən yerlərinə tatu olunmasına qadağa qoyulmalıdır”.
Bu sözləri aktrisa Zülfiyyə Nəzər Məmmədova Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa son illər dəb halını almış və gənclərin istifadə etdikləri tatuya qarşı çıxaraq, cavanlara səslənib. Onları bu yoldan döndərməyə çalışan sənətçi əlaqədar qurumları bu işə nəzarət etməyə çağırıb:
“Son vaxtlar tatunun həddən artıq dəb halını alması məni çox narahat edir. Müəyyən orqanlar tərəfindən bu işə bir nəzarət olunmalıdır. Çünki baxırsan, gənc oğlan və qızdır, üz-gözünü tatu etdirərək, bərbad hala salıb. Ona başa salmaq lazımdır ki, indi cavansan, dəb xatirinə bunu edirsən, amma 30 ildən sonra sən gənc olmayacaqsan. Bu tatu da ömürlük bədənində, üzündə qalacaq və səni narahat edəcək. Tatu salonlarına mütləq şəkildə xəbərdarlıq olunmalıdır, bədənin müəyyən yerlərinə tatu olunmasına qadağa qoyulmalıdır.
Mən əgər övlad sahibi olsam və övladım üzünə, əllərini-qollarını yazsa, hansısa rəsmləri bədəninə həkk etsə, bu məni çox narahat edər. Bunu ürək ağrısı ilə qarşılayaram. Bu, bizim milli adət-ənənəmizə, mentalitetimizə xarakterik olan bir şey deyil. Həqiqətən çox narahatam”.
Cəvahir
www.yenicag.az