Tanınmış tərcüməçi “Kontakt Home”dan şikayətçidir - “Banklardan da yüksək gecikmə faizi…”
Tanınmış kitab tərcüməçisi və jurnalist Sadiq Musa “Kontakt Home” mağazalar şəbəkəsindən kredit ödənişi ilə bağlı narazılıq edib və məsələni ictimailəşdirib.
Yenicag.az bildirir ki, Sadiq Musa öz müraciətində bildirib ki, uzun illərdir “Kontakt Home”un müştərisi olsa da, bu dəfə aldığı noutbuk üzrə gecikmiş ödənişlərə görə ona həddindən artıq cərimə faizi hesablanıb.

Sadiq Musa qeyd edir ki, aylıq ödənişi 120 manat olduğu halda, hazırda ona 449 manat borc məbləği bildirilib:
“Gecikmə ilə bağlı çox yüksək cərimə hesablanıb. Bu, hətta bizdə bank gecikmələrindən də yüksək rəqəmdir. Aylıq 120 manat ödəməm olmasına baxmayaraq, hazırda 449 manat ödəməli olduğum bildirilir.”
Onun sözlərinə görə, gecikmə faizlərinin məbləği barədə əvvəlcədən ona aydın məlumat verilməyib və cərimələr “öz tərəflərindən hesablanıb”.
Tanınmış tərcüməçi bildirir ki, ölkədəki iqtisadi vəziyyət və kitab sahəsindəki durğunluq səbəbindən öz gəlirlərində gecikmə yaranıb “Kitab və digər tərcümə sifarişlərimdə ödənişləri bir xeyli yubatdılar, mənim də ödəməmdə gecikmə yarandı. Hazırda da alacaqlarım var və yubanır. Bununla belə ana məbləğ ödənişi etməyə hazıram, aşırı gecikmə faizləri istisna olmaqla.”
O, qeyd edib ki, kitab sənayesinin hazırkı durumunda tərcümə və maarifçilik fəaliyyətinin kommersiya baxımından demək olar ki, gəlir gətirmədiyini, buna baxmayaraq, öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu vurğulayıb.
Sadiq Musa bildirir ki, məsələ hazırda şirkətin hüquq şöbəsində, İbrahim adlı əməkdaşda olduğu qeyd edilib. O, “Kontakt Home” rəhbərliyinə, xüsusilə Elnur Allahverdiyevə müraciət edərək cərimə faizlərinə yenidən baxılmasını xahiş edib:
“Elnur müəllim, Sizdən xahişim cərimə faizləri güzəştidir. Müştəri loyallığının qorunması və digər nüansları nəzərə alıb, yardımçı olacağınıza ümidvaram. Ana məbləğdən müəyyən hissə ödəyib, ümumi məbləği azalda bilərəm.”
Sadiq Musa öz müraciətini mediaya ünvanlayaraq, məsələnin ictimailəşdirilməsini və dəstək göstərilməsini xahiş edib. O hesab edir ki, bu kimi halların gündəmə gətirilməsi oxşar durumda olan digər vətəndaşlar üçün də presedent və stimul ola bilər:
Hazırda “Kontakt Home” tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.












