Tanınmışlar “Yeni Çağ”la BAYRAMLAŞDI: “Hər zaman irəli!”
Bu gün Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. Prezident İlham Əliyevin 25 aprel 2024-cil tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu Sərəncam ölkəmizdə Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür.
Özəl gündə tanınmışlar Yenicag.az-a bayram təbriklərini ünvanlayıblar:
Xalq artisti, xanəndə Mənsum İbrahimov:
“22 İyul Milli Mətbuat Günü münasibətilə işini şərəf və ləyaqətlə görən bütün jurnalistlərimizi, o cümlədən “Yeni Çağ” komandasını ürəkdən təbrik edirəm, şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Əziz jurnalistlər, sizin fədakarlığınız milli şüurumuzun formalaşmasında və demokratiyamızın inkişafında böyük rol oynayır. Bayramınız mübarək”.
Xalq artisti, xanəndə Alim Qasımov:
“Bayramınızı təbrik edirəm. Bütün komandanıza uzun ömür, can sağlığı arzulayıram. Bizim işimizdə, musiqimizin, mədəniyyətimizin təbliğində zəhmətiniz çox olub. Var olasınız, hər zaman qələminiz iti, uğurlarınız bol olsun”.
Xalq artisti, aktyor Yasin Qarayev:
“Ölkə başçısı, cənab İlham Əliyevin sərəncamı ilə fəxri ad alanların sırasında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də var. Onu və onun komandasını Milli Mətbuatın 150- illik yubileyi münasibətilə təbrik edirəm. Xalqın, millətin xeyrinə, vətənimizin tərəqqisinə çalışan bütün jurnalistləri, eləcə də sizin komandanızı ürəkdən təbrik edir və qələminizin həmişə iti, düşüncələrinin də saf və aydın olmasını arzulayıram. Bayramınız mübarək!”
Xalq artisti, aktrisa Firəngiz Mütəllimova:
“Başda rəhbəriniz olmaqla “Yeni Çağ” ailəsini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq. 150 il yol gələn azad sözün bayramıdır, sizlərin bayramınızı təbrik edirəm. Qələminiz iti olsun, düzü düz, əyrini əyri yazın hər zaman”.
Psixoloq Ülviyyə Murtuzova:
“Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Cənab Prezidentimiz İlham Əliyevin mediamıza verdiyi yüksək qiymət və söylədiyi dəyərli fikirlər jurnalistika peşəsinə göstərilən böyük etimad və diqqətin bariz nümunəsidir. Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır. “Yeni Çağ” da da hər zaman öndə gedən, sayılıb-seçilən media orqanıdır. Daim izlədiyim, maraqla yazılarını oxuduğum, eyni zamanda sevə-sevə müsahibələr verdiyim saytdır. Dürüstlüyü, operativliyi, orijinallığı ilə oxucularının böyük inamını qazanıb. Başda “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər olmaqla bütün komandanızı ürəkdən təbrik edirəm. Daim irəli, uğurlarınız bol olsun”.
Model, aktrisa Əfsanə Qasımova:
“Ölkə başçımız cənab İlham Əliyev tərəfindən hər zaman Azərbaycan milli mətbuatı qayğı və diqqətlə əhatələnib. Bu gün Azərbaycan mətbuatı növbəti yaranış gününə böyük bir missiya və uğurlarla gedir. Mətbuat cəmiyyətin aynası olaraq ölkəmizdə ictimai-siyasi proseslərin işıqlandırılmasında yaxından iştirak edir. Yenicag.az da bu sırada, ən öndə gedən mətbu orqandır. Hər zaman fərqliliyiniz, operativliyiniz ilə diqqət mərkəzindəsiniz. Sayılıb-seçilirsiniz, həm də sevilirsiniz. Hər zaman belə də davam edin, bayramınız mübarək!”
Cəvahir