Tarixçi alimdən MÜHÜM TƏKLİF: Türkiyə–Azərbaycan Qardaşlıq Muzeyi - DETALLAR
Tarix elmləri doktoru Telman Nüsrətoğlu sosial media hesabında Azərbaycan və Türkiyə qardaşlığının tarixi və mənəvi köklərini əbədiləşdirmək məqsədilə yeni təşəbbüslə çıxış edib.
Yenicag.az xəbər verir ki, tarixçi alim Bakı və Ankarada “Türkiyə–Azərbaycan Qardaşlıq Anıt-Muzeyi”nin yaradılmasını təklif edib.
Azərbaycan və Türkiyənin (Osmanlı – red.) tarix boyunca bir-birinin yardımına tələsdiyini deyən Telman Nüsrətoğlunun sözlərinə görə, bu muzey iki paytaxtın bir ruhda birləşdiyi, tariximizin və fədakarlığımızın simvoluna çevriləcək mühüm bir layihə olmalıdır:
“Bakıda Zəfər Paradında hər addım, hər baxış, hər çıxış bu qardaşlığın, sədaqətin və vəfanın təntənəsi idi. Dönüş yolunda qəhrəmanlarımız əbədiyyətə qovuşdu. Təklif edirəm ki, bu ruhu və tarixi yaşatmaq, gələcək nəsillərə anlatmaq üçün Bakı və Ankarada “Türkiyə–Azərbaycan Qardaşlıq Anıt-Muzeyi” yaradılsın. Bu Anıt-Muzeydə Qafqaz İslam Ordusu, Balkan könüllüləri, Nərgizdəki əsirlər, Qarabağ müharibəsi, zəlzələ və fəlakət zamanları ilə bağlı dəstək sənədləri, fotoşəkillər və interaktiv tədqiqatlarla sabitləşdirilsin”.
“Muzeyin şəhidləri və fədailərimizin ruhuna həsr olunmuş Qardaşlıq Salonunda Türk dünyasının birliyinə yönəlmiş ən mühüm toplantılar, konfranslar keçiriləcək. Anıt-Muzey hər iki ölkənin şəhid övladları üçün “Qardaşlıq Təqaüdü” kimi mühüm layihələri də həyata keçirsin”, – o təklif edib.
Məsimə Məmmədova












