“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2 aylıq layihə çərçivəsində reallaşan “DANIŞIR XOCALI” – sənədli film” layihəsini həyata keçirilib.
Layihə çərçivəsində ilk konfrans iyunun 20-də Tbilisi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində baş tutub. “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” mövzusunda Beynəlxalq Konfrans adı altında keçirilən tədbirdə Gürcüstandan tanınmış politoloqlar, jurnalistlər, ekspertlər, Azərbaycandan isə QHT və media rəhbərləri iştirak ediblər.
M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva konfransı açaraq iki ölkənin dostluq münasibətlərinin tarixinə nəzər salıb, bu cür tədbirlərin xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirdiyini qeyd edib.
Konfransın moderatoru – Rustavi-2 televiziyasının teleaparıcısı Ceyhun Narzalov layihə haqqında iştirakçılara qısa məlumat verib və sözü çıxışçılara verib.
Daha sonra “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2 aylıq layihə çərçivəsində gerçəkləşən “DANIŞIR XOCALI” – sənədli film” layihəsi və konfransın məqsədləri haqqında danışıb:
“Bizim əsas məqsədimiz tarixən dost və qardaş ölkə olan Gürcüstanla əlaqələrimizi, ümumi maraqlarımızı və gələcək perspektivlərimizi müzakirə etmək, eyni zamanda, əsrlər boyu xalqımızın başına gətirilən müsibətlər, ortaq problemlərimiz barədə daha geniş məlumat verməkdən ibarətdir. Belə bir strateji layihəmizi dəstəklədiyinə görə təşkilatımız adından Şura rəhbərliyinə, katibliyinə dərin təşəkkürümü bildirirəm”.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Vüqar Mustafayev iki ölkə arasında əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolundan bəhs edib.
Konfransda söz verilən natiqlər – Yaxın Şərq və Qafqaz İnstitutunun (IMECS) təsisçisi və baş icraçı direktoru Vasili Papava, Mədəniyyət və Əlaqələr Təşkilatının rəhbəri Natella Grigalaşvili, politoloq, Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze, Tadzreli Fondunun prezidenti Teymuraz Toumanişvili, Beynəlxalq Qara dəniz Universitetinin professoru Nika Çitadze, jurnalist Irma Mesxi, tanınmış gürcü yazıçı Quram Marxuliya, yazıçı Beka Korşiya, jurnalist Sofo Mtivlişvili, Azərbaycan Diaspor İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili və digərləri çıxış edərək, mövzu ətrafında fikirlərini bildiriblər.
Tədbirin sonunda “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ingilis dilində hazırladığı “DANIŞIR XOCALI” sənədli filmi nümayiş etdirilib.
www.yenicag.az