Tehrandan ilginc ADDIM: İran buna da ƏL ATDI – “Zəngəzur yolu ilə bağlı tutduğu mövqe...”
“İran artıq proksilərə deyil, öz daxili gücünü artırmağa yönəldib”.
Bu fikri İranın Rusiyanı 12 günlük toqquşma ilə bağlı ittiham etməsi və rəsmi Tehranın müdafiə qabiliyyətini gücləndirmək cəhdlərini Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
T. Eyvazov bildirib ki, İran Rusiya ilə əməkdaşlığı dayandırıb Çinə yönəlib:
“İran Rusiyadan narazıdır. İran bəlkə də Rusiyadan nələrsə alıb, ancaq görünür, istədiyini tam şəkildə ala bilməyib. İranın bu gün Rusiya ilə münasibətlərinin soyuması o deməkdir ki, Ukrayna məsələsində Tehran Moskvaya dəstək verməyəcək. Bu, yaxşı bir haldır. İranın bu gün Qərb tərəfindən qınanılmasının səbəblərindən biri də Ukrayna məsələsi idi. İranın Zəngəzur yolu ilə bağlı tutduğu mövqe müsbətdir”.
Onun sözlərinə görə, İran hərbi sahədə Rusiya ilə yox, artıq Çinlə əməkdaşlıq edir və bunun da bəhrəsini görür:
“İrana ABŞ-dən də basqı olmayacaq. Yaxın zamanda İsraillə İran arasında hərbi qarşıdurmanın olması gözlənilmir. Bunun digər səbəbi isə İranın müdafiə qabiliyyətinin gücləndirilməsi yönündə atdığı addımlardır. İran müdafiə qabiliyyətini həmişə daxili imkanlar hesabına gücləndirirdi. Son 12 günlük kontaktsız müharibədə onun hansı tərəflərində zəifliklər var, məlum oldu. İran indi o boşluqları doldurmaqla məşğuldur. İran həm də anladı ki, SEPAH xətti ilə proksilərə pul xərcləməsi fiaskoya uğradı. Bu fiasko həm Livanda, həm də Suriyada özünü göstərdi. İran artıq proksilərə deyil, öz daxili gücünü artırmağa yönəldib. Bu da normal bir haldır. İran əvvəlki illərə nisbətən müdafiə sahəsindəki xərclərini xeyli artırıb”.
Səxavət Məmməd