“İranın Xəzər Konvensiyasının tələblərini pozmaq cəhdi onun özünə qarşı çevriləcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında İranın bu il avqustun 12-də Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müddəalarına dair narazılığını gücləndirməsini şərh edən politoloq Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli hesab edir ki, İranın Xəzər danışıqlarında iştirakına şərait yaradılması Tehrana yönəlik böyük güzəşt idi:
“Əslində, İranın Xəzər Konvensiyasının şərtlərindən narazı qalması üçün heç bir səbəb yoxdur. Çünki o sənəd sahilyanı dövlətlərin iştirakı ilə uzun müddət davam etmiş danışıqların nəticəsində əldə olunmuş konsensus əsasında hazırlanıb.
Əvvəla onu qeyd etmək lazımdır ki, İranın Xəzər danışıqlarında iştirakı üçün hər hansı qanuni əsas mövcud deyildi. Çünki vaxtilə SSRİ ilə İran arasında beynəlxalq konvensiyalar əsasında Xəzərin bölgüsü həyata keçirilib.
SSRİ-nin süqutundan sonra isə Xəzərin bölgüsü Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında danışıqlar predmeti ola bilərdi. Lakin Rusiya bu və ya digər səbəblərə görə İranın danışıqlar prosesinə cəlb edilməsinə nail oldu və bu ölkə də müzakirələrə qatıldı.
Yekun Konvensiyaya əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipinə uyğun qaydada bölünməsi mövcud beynəlxalq normalara tam uyğundur. Buna qədər Azərbaycan, Rusiya və Qazaxıstan da məhz həmin prinsip əsasında razılığa gəlmişdilər.
Aydındır ki, hazırda Türkmənistan və İranı narazı salan başlıca məqam Xəzərdəki karbohidrogen yataqlarının istismarı ilə bağlıdır. Ancaq Azərbaycan bu məsələdə də konstruktiv mövqe tutaraq, o yataqların birgə işlənilməsi təşəbbüsünü irəli sürüb. Azərbaycan bundan artıq nə etməlidir?
Əgər İran bu narazılığını davam etdirsə, o halda Konvensiyanın tələblərini pozmaq cəhdi onun özünə qarşı çevriləcək. İran bütün bunları nəzərə almalıdır”.
A.Zeynalov
www.yenicag.az