“Təhsilə pul xərcləmək lazımdır, qazanmaq yox” – 5,5 milyardlıq büdcəsi olan nazirlik müəllimin 120 manatına göz dikib? - VİDEO
“Elm və Təhsil Nazirliyi keçirdiyi bütün imtahanları Dövlət İmtahan Mərkəzinə (DİM) təhvil verməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert qeyd edib ki, nazirliyin imtahan proseslərini öz üzərinə götürməsi anlaşılan deyil:
“Müəllimlərin işə qəbulu (MİQ), müəllimlərin sertifikasiyası, direktorların işə qəbulu, lisey və gimnaziyalara şagird qəbulu… Elm və Təhsil Nazirliyi sanki Dövlət İmtahan Mərkəzinə alternativ bir qurumu xatırladır. Nəzərə alsaq ki, bu gün həkimlərin sertifikasiyası, hətta taksi sürücülərinin lisenziyalaşdırılması belə DİM tərəfindən həyata keçirilir, ölkənin həm özəl, həm də dövlət sektoru öz imtahan siyasətini dövlətin yaratdığı bu mərkəzə etibar edirsə, nazirliyin “imtahan sevdası” haradandır? Nə üçün bu proseslər Dövlət İmtahan Mərkəzinə həvalə edilmir?”
E. Qafarovun sözlərinə görə, burada əsas məsələ etibar və ya müəyyən maraqlarla bağlıdır:
“Müəllimlərin işə qəbulu imtahanı 2011-ci ildən bəri keçirilir. Artıq 15 dəfə belə imtahan təşkil olunub və bu müddət ərzində qaydalar 5 dəfə dəyişdirilib. Məlum olur ki, bir namizədin imtahanı üçün ən azı 120 manatdan çox vəsait xərclənir. Mövcud mexanizmə görə, artıq 10 ilə yaxındır ki, təkcə müəllim olmaq istəyənlər deyil, həm də hazırda çalışan müəllimlər də bu müsabiqəyə sənəd verə bilirlər. Beləliklə, iştirakçı sayı süni şəkildə artırılaraq 60 minə çatdırılır. Hər nəfərə 120 manat xərcləndiyini nəzərə alsaq, bu, hər il milyonlarla vəsait deməkdir. Bunun hələ texniki avadanlıq, kompüter və digər əlavə xərcləri də var”.
Sertifikasiya məsələsinə də toxunan ekspert təkliflərini belə ifadə edib:
“Elm və Təhsil Nazirliyi artıq bildirir ki, bu proseslərin hamısı dövlət hesabına olmasın ilk dəfə işə qəbul olanlar üçün ödənişsiz, çalışan müəllimlər üçün isə ödənişli olsun. Bilirsiniz, imtahanın fəlsəfəsi ən yaxşıları müəyyən etməkdir. Mən birmənalı şəkildə təklif edirəm ki, nazirliyin struktur bölmələrinin və Təhsil İnstitutunun keçirdiyi bütün imtahanlar DİM-ə verilməlidir. Elm və Təhsil Nazirliyi Prezidentin imzası ilə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq ölkənin elm və təhsil siyasəti ilə məşğul olmalıdır, imtahan keçirməklə deyil”.
O bildirib ki, DİM-in publik hüquqi şəxs kimi ödənişli imtahanlar keçirməsi qanunidir, lakin mərkəzi icra hakimiyyəti orqanının bu işlə məşğul olması qəbulolunmazdır:
“Nazirlik statistika açıqlamalıdır: MİQ üçün sənəd verən 60 min nəfərin neçə mini ilk dəfə, neçə mini isə təkrarən müraciət edənlərdir? Bu barədə məlumat verilmir. Təhsil İnstitutu artıq nazirliyin “imtahan mərkəzinə” çevrilib, halbuki o, ölkənin pedaqoji sahədə yeganə elmi-tədqiqat müəssisəsidir. Onların vəzifəsi imtahan yox, elmi araşdırmadır”.
Elşən Qafarov sonda vurğulayıb ki, təhsil biznes sahəsi deyil:
“Təhsil ölkənin ən strateji sahəsidir. Təhsilə pul xərcləmək lazımdır, təhsildən pul qazanmaq yox. 41 milyardlıq dövlət büdcəsi, 5,5 milyardlıq təhsil büdcəsi olan bir ölkədə təhsil siyasətini idarə edən qurumun ödənişli imtahanlarla pul qazanmağa çalışması Azərbaycan cəmiyyəti üçün üzücüdür. Bu yanaşma ilə əsl təhsil siyasəti tamamilə kənarda qalıb”.
Samir Məcidov












