!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təkcə münaqişələrə deyil, hətta faciələrə münasibətdə də ayrı-seçkilik halları mövcuddur - ŞƏRH

!Reklam – Yazi

Dünya nizamı ciddi təhlükə ilə üz-üzədir. Geosiyasi qarşıdurma o səviyyədə kəskinləşib ki, nüvə silahının tətbiqi ilə bağlı ritorika az qala adi hala çevrilib. İş o yerə çatıb ki, təhlükəsiz dünya nizamına görə ilk növbədə məsuliyyət daşıyan böyük dövlətlərin rəsmiləri bir-biri ilə açıq təhdid dilinə keçiblər. Geosiyasi ziddiyyətlər istənilən an birləşmiş Qərb ilə Rusiya arasında birbaşa qarşıdurma müstəvisinə adlaya bilər. Lakin bu vəziyyət bir günün içərisində yetişməyib. Əsas səbəblərindən biri beynəlxalq hüquq normalarının uzun onilliklər ərzində gözardı edilməsi ilə bağlıdır. Sözdə fundamental beynəlxalq prinsiplərin və bəşəri dəyərlərin aliliyinə istinad olunsa da, əslində, xeyli vaxtdır ki, dünyanı böyük güclərin maraqları idarə edir. Mövcud vəziyyət göstərir ki, dünya idarəetmə sistemi nəinki mükəmməllikdən çox uzaqdır, hətta bir sıra hallarda səmərəsiz və ziyanlıdır. Onsuz da mürəkkəb olan idarəetmə prosesində beynəlxalq hüquq normalarının və ədalətin gözlənilməməsi idarəçiliyi daha da ağırlaşdırır. BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunan beş daimi üzvün istək və maraqları qərarların qəbulunda çox vaxt həlledici rol oynayır. Onlardan birinin veto hüququndan istifadə etməsi onunla nəticələnir ki, təhlükəsiz dünya nizamı üçün gərəkli olan qərar ya ümumiyyətlə qəbul edilmir, ya da onların qəbulunda təhlükəli zaman itkisinə yol verilir. Prezident İlham Əliyev elə bu təmayülləri nəzərə alaraq, ən müxtəlif beynəlxalq platformalardan davamlı şəkildə bəyan edir ki, dünya idarəçiliyinin səbəb olduğu ziyanlı fəsadların aradan qaldırılması üçün köklü islahatlara başlamaq zamanıdır. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən altı gün əvvəl, 2020-ci il sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasında çıxış edərkən dünya birliyinin diqqətini məhz bu məsələyə yönəltmişdi. Geosiyasi ziddiyyətlərin pik həddə çatmasının səbəbi yalnız bununla məhdudlaşmır. Onlardan biri də BMT Təhlükəsizlik Şurasının imperativ xarakterli qətnamələrinin yerinə yetirilməsi üçün məcburi icra mexanizminin olmaması ilə bağlıdır. Bu mötəbər təşkilatın ölkəmizlə bağlı olan məlum dörd qətnaməsi həm də bu səbəbdən 27 il ərzində kağız üzərində qaldı. Dövlətimizin başçısı üzləşdiyimiz bu acı reallığı nəzərə alaraq, 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı konkret təklif irəli sürmüşdü : “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev mövcud dünya nizamı ilə bağlı vəziyyəti şərh edərkən söyləyib.

Deputat qeyd edib: Təəssüf ki, məcburi xarakterli qətnamələrin yerinə yetirilməməsi təkcə icra mexanizmi ilə bağlı deyil. Ən azından son 30 ilin beynəlxalq təcrübəsi göstərdi ki, Təhlükəsizlik Şurasının ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, bu, baş vermədi, dörd qətnamədən heç biri 27 il ərzində icra olunmadı. Prezident İlham Əliyev, elə bu səbəbdən, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusuna həsr olunmuş plenar iclasda çıxış edərkən həmin məqama xüsusi diqqət yetirdi: “Baş nazir Qaribaşvili xatırlatdı ki, 2008-ci ildə Rusiya-Gürcustan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiya tətbiq olunmadı. Amma mən də deyə bilərəm ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı”.

Azərbaycan Prezidenti bu açıqlaması ilə növbəti dəfə ona işarə etdi ki, bir sıra hallarda beynəlxalq hüquqa göstərilən laqeydlik aparıcı aktorların ikili standartlar siyasətinin nəticəsidir. Rusiya-Ukrayna müharibəsinə görə ötən bir il ərzində şimal qonşumuza qarşı total sanksiyalar tətbiq edildiyi halda, Ermənistana münasibətdə bu qətiyyəti üç onillik ərzində görmədik. Məgər Ermənistan Rusiya ilə müqayisədə kimlərinsə nəzərində daha güclü idi və ya daha böyük siyasi nüfuza malikdir? Təkcə bu faktın özü o deməkdir ki, bəzən böyük güclər münaqişələrə münasibətdə hüquq normalarının tələbindən deyil, öz geosiyasi maraqlarından və ya təəssübkeşlik mövqeyindən çıxış edirlər. Nəticədə isə fərqli coğrafiyalarda baş verən eyni mahiyyətli münaqişələri bir-birindən fərqləndirməklə təhlükəli ayrı-seçkiliyə yol verirlər”.

Ü.Quliyeev bildirib ki, Prezident İlham Əliyev, elə bu səbəbdən, plenar iclasda nüfuzlu auditoriyanın diqqətini bu məsələyə də yönəltdi: “Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi… Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi”.

Dövlətimizin başçısı bu açıqlaması ilə beynəlxalq birliyin diqqətini növbəti dəfə ona yönəltdı ki, təhlükəsiz dünya nizamına olan təhdidləri mümkün edən səbəblər sırasında siyasi riyakarlıq və ayrı-seçkilik halları xüsusi yer tutur. Əgər 1992-ci ildə Ermənistanın işğal siyasətinə və erməni separatçılığına münasibətdə birləşmiş Qərb bu gün Ukraynadakı separatçılığa qarşı sərgilədiyi qətiyyəti göstərmiş olsaydı, bəziləri 28 il ərzində riyakarlıq etməsəydi, digər coğrafiyalarda separatçı meyllərə bu qədər həvəs oyanmaz və yəqin ki, Ukraynanın özü də indiki qədər təhdidlərlə üzləşməzdi. Fransız klassik ədəbiyyatının tanınmış nümayəndəsi Fransua de Laroşfuko kəlamlarından birində belə demişdi: “Bir şey nə qədər ciddi-cəhdlə gizlədilsə, bir o qədər tez aşkar olar”. 28 il boyunca imitasiya olunan sülh danışıqları xalqımız üçün nə qədər ağrılı dövr olsa da, tarixi dəyərləndirmə baxımından bu, böyük zaman kəsiyi hesab olunmur. Minsk qrupunun üç həmsədrindən biri olan Fransa erməni təəssübkeşliyini o illər ərzində nə qədər ört-basdır etməyə çalışsa da, fransız filosof-əxlaqşünası Laroşfukonun qeyd etdiyi kimi, riyakarlıq sonda, heç nəyə baxmadan, faş oldu. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu beynəlxalq platformada cəmiyyətimiz üçün həssas olan bu məqamı da diqqətdən kənarda qoymadı: ”Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz”.

“Dövlətimizin başçısı bu nüfuzlu beynəlxalq platformadan ona işarə etdi ki, Minsk qrupunun vasitəçiliyi həm də bu cür səbəblərə görə səmərəsiz oldu və ictimai inamı itirdi. Təəssüf ki, siyasi maraqlardan irəli gələn ayrı-seçkilik özünü yalnız münaqişələrə, o cümlədən separatçılığa münasibətdə göstərmir. Nə qədər təəssüfləndirici olsa da, bu cür ayrı-seçkiliyi hətta faciələrə, etnik təmizləmələrə və soyqırımı cinayətlərinə münasibətdə də görmək mümkündür. Onlardan biri də Xocalı soyqırımıdır. Bu gün təhlükəsiz dünya nizamına yönəlmiş çoxsaylı təhdidlərdən narahat olan böyük dövlətlərin bir çoxu guya 108 il əvvəl baş vermiş “erməni soyqırımını” xüsusi təəssübkeşliklə tanıdığı halda, onlardan heç biri cəmi 31 il əvvəl həqiqətən törədilən Xocalı soyqırımını indiyədək tanımayıb. Az qala belə təəssürat yaranır ki, hədəfdə ildən-ilə güclənməkdə olan, müstəqil xarici siyasət yürüdən Türkiyə olduğu üçün, ona qarşı vahid cəbhə açılmışdı. Baxmayaraq ki, Türkiyə rəsmiləri bütün arxivlərin peşəkar mütəxəssis və ekspert araşdırmaları üçün açıq olduğunu dönə-dönə bəyan etmişdi. Xocalı soyqırımına gəldikdə isə, xüsusi araşdırma və tədqiqata da ehtiyac yoxdur. Bu soyqırımı cinayətində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmişdi, 1275 mülki insan girov götürülmüşdü. 150 nəfərin taleyi indiyədək məlum deyil. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 487 nəfər Xocalı sakini şikəst edildi, onlardan 76-sı uşaq idi. Vəhşilər 8 ailəni tamamilə məhv etdilər, 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirdi. Xüsusi qəddarlıqla törədilən bu cinayət zamanı 56 mülki insan diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bəzilərinin boyunları vurularaq gözləri çıxarıldı, hamilə qadınların qarınboşluğuna süngü keçirilərək qətlə yetirildi. İnsanlıq əleyhinə yönələn bu amansız cinayətin videogörüntüləri beynəlxalq mediada yayılsa da, təhlükəsiz dünya nizamına görə məsuliyyət daşıyan böyük dövlətlərin susqunluğunun və biganəliyinin səbəbi anlaşılan deyil. Onlar üçün Xocalı cinayətini törədənlərin etirafı, şahidlərin qələmə aldıqları da nədənsə yetərli görünmür. Ermənistanın sabiq prezidenti-Xocalı cəlladı Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala müsahibəsində bu qanlı cinayətdə iştiraklarını belə etiraf edir: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”. O dövrdə Parisin Krua l’Eveneman jurnalı yazırdı: “ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”. Elə həmin dövrdə Fransadan olan erməni əsilli jurnalist Berain Siracyan “Hücumdan əvvəl” adlı məqaləsində Xocalı soyqırımını bu cür qələmə almışdı: “Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi… Bu mənzərədən ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs, sabah? Biz tək qala bilərik”, – deyə deputat əlavə edilib.

Vurğulanıb ki, məqalənin müəllifi hissində yanılmayıb. Biz heç nəyi unutmamışıq və unutmayacağıq. Lakin jurnalist bir məsələdə yanılıb. 44 günlük Vətən müharibəsində şərəfli Azərbaycan əsgər və zabiti bu amansız cinayətin qisasını mülki ermənilərdən almadı, savaş meydanında yalnız əlisilahlı düşmən əsgər və zabitini məhv etdi. Fərqimiz bundadır. Xocalı faciəsi ilə bağlı dəhşətli səhnələr dünyanın, o cümlədən ABŞ-ın, Böyük Britaniyanın, Fransanın, Rusiyanın və digər ölkələrin aparıcı nəşrlərində işıq üzü görsə də, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bu soyqırımı cinayətini dövlət səviyyəsində tanımaqdan nədənsə ya çəkinir, ya da ədalətin təntənəsinə xidmət göstərməkdən yayınmağa üstünlük verirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanan “Xocalıya Ədalət” kompaniyası Xocalı həqiqətlərinin dünya birliyinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Artıq 17 dövlətin qanunverici orqanı, ABŞ-ın 30-dan çox ştatı qanunvericilik və qubernator proklamasiyası səviyyəsində Xocalı soyqırımını tanıyıb. Cəmiyyətimiz haqlı olaraq dünya birliyindən gözləyir ki, Xocalı soyqırımı hamılıqla tanınsın. Gec-tez bunu uzun illər Xocalı cəlladı Serjik Sarkisyanın əlini sıxmış keçmiş Minsk qrupundakı üç vasitəçi ölkə də dövlət səviyyəsində etməli olacaq. Ən azından ona görə ki, mütərəqqi dünyanın özü də beynəlxalq hüquq normalarının pozulmasından əziyyət çəkir. İndi onlardan bəziləri də görür ki, müqəddəratı təyinetməni ərazi bütövlüyünün toxunulmazlığı kimi fundamental beynəlxalq prinsiplə eyniləşdirərkən, dünya nizamı üçün ciddi təhlükələrə yol açıblar. Bu cür zərərli yanaşma nəticəsində separatçılıq təşəbbüslərinin yayılmasına rəvac veriblər, faktiki olaraq, onun təşviqində iştirakçıya çevriliblər. Xocalı soyqırımının tanınmasına göstərilən laqeydlik də beynəlxalq hüquqa hörmətsizlik və ədalət anlayışının gözardı edilməsi deməkdir. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarına əsasən, Xocalı faciəsi “müharibə cinayəti və ya insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilən xüsusilə ağır əməl” hesab olunur. Bu cür hüquqi tövsif həm də o deməkdir ki, Xocalıda azərbaycanlılara qarşı etnik zəmində törədilən qətliam öz mahiyyətinə görə Holokost, Xatın, Oradur, Srebrenitsa qətliamları və digər soyqırımı cinayətləri ilə bütün mənalarda eynilik təşkil edir. Belə bir hüquqi qiymətləndirmə olduğu halda, ona əməl etməyənlər beynəlxalq hüququn və ədalət mühakiməsinin növbəti dəfə gözdən düşməsinə xidmət edirlər. Halbuki, tanınma ilə bağlı hüquqi prosedurun gerçəkləşməsi Azərbaycan xalqı ilə yanaşı, mütərəqqi dünyanın özü üçün də bu gün çox vacibdir. Çünki təhlükəsiz dünya nizamının təmin olunması haqqın və ədalətin birmənalı etirafından, ayrı-seçkiliyin aradan qaldırılmasından keçir. Əks təqdirdə, dünya nizamı heç vaxt təhlükəsiz olmayacaq, indiki təhdidləri mümkün edən münbit şərait isə ortadan qalxmayacaq.

“Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də qəbul olunmuş “Xocalı Soyqırımı Günü haqqında” Milli Məclisin Qərarı və Ulu Öndərin 1997-ci 25 fevral tarixli Prezident Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevralın 26-da ölkəmizdə dövlət səviyyəsində anılır. Azərbaycan Xocalı qurbanlarını yad edərkən, şəhidlərimizin əziz xatirəsini anmaqla yanaşı, həm də haqsızlığa, ayrı-seçkiliyə, beynəlxalq hüquq normalarının pozulmasına, hər cür müharibə cinayətinə qarşı etiraz səsini ucaldır. Ucaldır ki, başqa xalqlar belə faciələrlə üzləşməsin, vicdanı susanların isə, nəhayət, vicdanı oyansın. Belələri onu da bilməlidir ki, xalqımız, müstəqil Azərbaycan dövləti yaşadığı heç bir faciəni unutmayıb və unutmayacaq. Qisas naminə görə deyil, gələcək nəsillərin də bu hadisələrdən düzgün nəticə çıxarmaları və ehtiyatı əldən verməmələri üçün”, – deyə dpeutat fikirlərini tamamlayıb.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv