“Əksər hallarda mənzil sahibləri tələb olaraq öz evlərini tələbə oğlanlara verilməməsini vasitəçidən tələb edir, bu səbəbdən həmin vasitəçilər evləri tələbə qızlara veririrlər”.
Bu fikirləri Yenicag.az-açıqlamasında universitetlərə yeni qəbul olunmuş tələbələrin qarşılaşdığı kirayə mənzil və yataqxana problemindən danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, bu sahədə əziyyət çəkən ən çox oğlan tələbələrdir ki, mənzil sahibləri əksər hallarda öz evlərini onlara kirayə vermir.
“Hər il ölkənin müxtəlif ali təhsil müəssisələrinə on minlərlə tələbə qəbil olur. Builki yeni qəbul olan tələbələrin sayı isə ölkə üzrə 50 mindən artıqdır. Onların əksəriyyəti Bakı şəhərində təhsil alır. Təhsil alan tələbələrin bir hissəsi isə bölgələrdən gələn tələbələrdir ki, onların üzləşdiyi problemlərdən biri də kirayə mənzillə bağlı olur”, – deyə o bildirib.
Bu problemdən danışan ekspert qeyd edib ki, ali təhsil müəssisələrinin böyük əksəriyyətinin yataqxanalarının olmaması yaxud da yataqxanası olan universitetlərdə yataqxana yerinin az olması səbəbindən tələbələr məcburən kirayə mənzil axtarışına çıxmalı olur.
“Daşınmaz əmlak bazarında baş verən qiymət artımı səbəbindən artıq kirayə mənzil bazarında həm ciddi qiymət artımları, həm də mənzil qıtlığı daha çox müşahidə olunur. Belə olan vəziyyətdə tələbələr məcburən Bakətrafı ərazilərə üz tuturlar ki, bu da onların günlərinin bir neçə saatının yollara sərf etməyə məcbur edir. Bu sahədə əziyyət çəkən ən çox oğlan tələbələrdir ki, mənzil sahibləri əksər hallarda öz evlərini oğlan tələbələrə kirayə vermir. Onlar da məcbur qalaraq qiyməti baha olan evlərə üz tutmalı olur yaxud şəhərətrafı ərazilərə üz tuturlar ki, ev problemini həll edə bilsinlər. Təbii ki, bir zamanlar universitetlərin öz yataqxanaları var idi və həmin yerlərdə həm oğlan, həm də qızlar üçün ayrı-ayrı binalar mövcud idi ki, bu səbəbdən əvvəlki illərdə -1990-cı illərə qədər heç bir tələbə ev problemi yaşamırdı. Hazırda ali təhsil müəssisələrinin yataqxanaları yaşayış üçün uzun illər məcburi köçkünlər yaşadığı üçün yararsız olsa da, hazırda həmin yataqxanaların böyük bir hissəsi boş vəziyyətdədir. Düşünürəm ki, gələcək də həmin yataqxanalar sökülərək, onların yerinə daha yeni, müasir tələbə yataqxanaları inşa olunarsa bölgələrdən gələn tələbələrin böyük bir hissəsinin ev problemi aradan qaldırmış olacaq. Xüsusən də, oğlan tələbələr ciddi şəkildə problem yaşayırlar”, – deyə əlavə edib.
E.Fərzəliyevin sözlərinə görə, daşınmaz əmlakla bağlı çox sayda satış elanı var ki, bu elanlarda həm mənzil sahibləri, həm də vasitəçilər – əmlakçılar həyata keçirir:
“Təbii ki, vasitəçilər üçün mənzilin oğlan yaxud qız tələbə tərəfindən kirayələnməsinin heç bir fərqi yoxdur. Onlar hər hansı mənzili kirayə verərkən mənzil sahibindən və mənzili kirayə götürəndən öz zəhmət haqlarını alır. Lakin əksər hallarda mənzil sahibləri tələb olaraq öz evlərini tələbə oğlanlara verilməməsini vasitəçidən tələb edir, bu səbəbdən həmin vasitəçilər evləri qız tələbələrə verirlər. Bundan əlavə, insanlarda formalaşmış düşüncə bundan ibarətdir ki, oğlan tələbələr kirayə götürdüyü evə yaxşı baxmır yaxud da evi 3 tələbə kirayə götürdüyü halda, daha sonradan həmin evdə 3 deyil, daha çox tələbənin yaşadığı məlum olur. Bu səbəbdən də mənzil sahibi evdə qalan şəxslərin az olması və evin baxımlı, səliqə-sahmanlı olması səbəbindən mənzillərini kirayə verərkən daha çox qız tələbələri üstün tutur”.
İsmayıl Bakuvi
www.yenicag.az