Terror dövlətinin İRAN NÜMUNƏSİ: Naxçıvana hücumun işə saldığı DƏMİR YUMRUQ
Bu gün Azərbaycanda müzakirə olunan gündəm mövzusu Naxçıvanın İran tərəfindən dron hücumuna məruz qalmasıdır.
ABŞ və İsrailin İrana hücumundan və rəhbər heyətin öldürülməsindən sonra İran regionda düşünülməmiş addımlar atmağa, hara gəldi, hücum etməyə başlayıb. Bu, təbii ki, region ölkələrində dərin narahatlıq doğurur və doğurmaya bilməz. İranın körfəz ölkələrinə hücumu ABŞ-nin əsas hərbi obyektlərinin hədəfə alınması kimi legitimləşdirilir və rəsmi Tehran bu addımını “qanuni haqq” kimi müdafiə edirdi. Lakin indiki halda İranın Azərbaycanı hədəf seçməsi bir sıra suallar doğurur. Hər şeydən öncə, Azərbaycan birinci şəxsin və xarici siyasət idarəsinin dili ilə öz ərazisinin İrana qarşı istifadə olunmayacaını dəfələrlə bəyan etmiş, ölkə başçısı dini lider Əli Xamenei öldürüldüyü üçün dünyada İran səfirliyinə gedib rəsmən başsağlığı verən yeganə prezident olmuşdu. Budur, İran Azərbaycanın dost addımlarına dron hücumu ilə cavab verir.
Xəbərlərdən dərhal sonra Azərbaycanın xarici işlər və müdafiə nazirlikləri açıqlama yayaraq məsələyə ən ciddi şəkildə cavab veriləcəyini bəyan etdi. Rəsmi Bakının bu hadisəyə nə qədər ciddi yanaşdığını göstərən bir digər xüsus isə prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilməsi oldu.
Prezident İlham Əliyevin İranın Naxçıvana etdiyi dron hücumu ilə bağlı çıxışı Azərbaycan dövlətinin suverenliyinə və mülki əhalisinin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı kəskin və güzəştsiz mövqeyini nümayiş etdirir. Dövlət başçısı Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb binaları və digər mülki hədəflərin “namərd atəşə” tutulmasını birbaşa terror aktı kimi qiymətləndirərək bu hadisəni İranın Azərbaycana qarşı apardığı sistemli düşmənçilik siyasətinin növbəti təzahürü adlandırır. O, çıxışında xüsusilə vurğulayıb ki, bu hücum sadəcə hərbi təxribat deyil, həm də beynəlxalq hüququn və qonşuluq münasibətlərinin kobud şəkildə pozulmasıdır.
Prezident keçmişdə baş vermiş Tehran səfirliyinə hücum hadisəsi ilə paralellər apararaq İranın dövlət səviyyəsində terroru dəstəklədiyini və bu əməllərin rəsmi instansiyalar tərəfindən idarə olunduğunu diqqətə çatdırıb. Səfirliyə edilən hücum zamanı İranın hüquq-mühafizə orqanlarının hərəkətsizliyini xatırladan ölkə rəhbəri Azərbaycanın təzyiqləri nəticəsində terrorçunun edam edilməsini bir nümunə kimi göstərərək Naxçıvan hücumuna görə də eyni sərtlikdə izahat, üzr və cəza tələb edib. Bu kontekstdə dövlət başçısı Azərbaycanın heç vaxt başqa bir ölkəyə qarşı plasdarm rolunu oynamadığını və İrana qarşı yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək İranın daxili auditoriyanı manipulyasiya etmək cəhdlərini ifşa edib.
Prezidentin nitqindəki ən diqqətçəkən məqamlardan biri də Azərbaycanın humanitar addımları ilə İranın nümayiş etdirdiyi “nankorluq” arasındakı təzaddır. Belə ki, Azərbaycanın İran diplomatlarının Livandan təxliyəsinə təmənnasız kömək etdiyi bir vaxtda Naxçıvanın hədəf alınması mənəvi baxımdan “şərəfsizlik” və “nakişilik” kimi xarakterizə olunur. Bu emosional, lakin siyasi baxımdan qətiyyətli ton, Azərbaycanın artıq səbir limitinin tükəndiyini göstərir.
Ali Baş Komandanın çıxışı təkcə diplomatik etirazla məhdudlaşmır, həm də hərbi hazırlıq siqnalı verir. “Dəmir yumruq” ifadəsinin xatırladılması və Silahlı Qüvvələrin bütün qollarının bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi rəsmi Bakının bu təcavüzə qarşı adekvat hərbi cavab verməyə tam hazır olduğunun birbaşa mesajıdır. Prezidentin bu çıxışı Azərbaycan xalqına güvən aşılamaqla yanaşı, təcavüzkar tərəfə güc sınağına çəkilməyin ağır nəticələri olacağını bəyan edən strateji xəbərdarlıqdır.
Camal Cavanşir













