Texasda SEL FƏLAKƏTİ: Ölənlərin sayı 119 nəfərə ÇATDI
ABŞ-nin Texas ştatında baş verən güclü yağışların səbəb olduğu sel fəlakətində ölənlərin sayı 119 nəfərə yüksəlib.
Yenicag.az xəbər verir ki, Texasın Kerr bölgəsindəki yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, iyulun 4-də Qvadelupa çayının daşması nəticəsində ən ağır vəziyyət məhz bu ərazidə müşahidə olunub. Burada 36-sı uşaq olmaqla 95 nəfər həyatını itirib.
Qeyd olunur ki, təbii fəlakət nəticəsində ümumilikdə 50 minə yaxın insan zərər çəkmiş ərazidə yaşayır. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Yerli hakimiyyət itkin düşənlərin sayının artacağından ehtiyat edir.
Texas qubernatoru Qreq Abbott “X” sosial media platformasında paylaşım edərək qeyd edib ki, fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə əməliyyatları üçün bütün dövlət resursları səfərbər olunub.
ABŞ Prezidenti Donald Tramp isə Kerr bölgəsini rəsmi şəkildə “fəlakət zonası” elan edib.
Bununla yanaşı, Respublikaçı yerli siyasətçilər Tramp administrasiyasının qənaət tədbirləri çərçivəsində büdcəsini azaldığı Milli Hava Proqnozları Xidmətini (NWS) vaxtında xəbərdarlıq etməməkdə və düzgün proqnozlar verməməkdə günahlandırıblar.