“Kişilər kibrit çöpü kimidir, sevəndə başlarını itirirlər” - QADINA ŞİDDƏTƏ “YOX” HARDAN BAŞLANMALIDIR?
Söz vaxtına çəkər…
2023-cü ilin avqust ayında – düz gözlərimin önündə bir kişi gəlib yanımdakı qadını bıçaqladı.
İllərdir kriminal hadisələrdən yazan bir jurnalist olsam da, dəfələrlə amansız ölümlərdən, qətllərdən reportajlar hazırlasam da, hadisələrin məhz bu cür baş verdiyini ağlıma gətirməzdim.
O bıçağın ətə xışıltıyla daxil olduğu səs hələ də qulaqlarımdadır… O dəhşətli an gözlərimin önündən getmir… Yadıma düşəndə belə uzun müddət sonra özümə gəlirəm. Hələ qadının iniltiylə ilan kimi ağrıdan qıvrılması… Həyata sonuncu baxışında belə gözlərində qorxu, hürkü, eyni zamanda da nakamlıq hiss olunurdu… Son nəfəsində belə imdad diləyirdi, bəlkə də neçə-neçə arzuları var idi… Hələ həyata keçirə bilməyəcəyi planları yarım qaldı çox güman ki…
… Əlbəttə, bu, Azərbaycanda ilk qətl hadisəsi deyil. Zaman-zaman həm ailə münaqişəsi zəminində ər-arvad arasındakı gərgin münasibətlər tərəflərdən birinin qanının axıdılması ilə nəticələnib, həm də boşanandan sonra belə keçmiş ər arvadının azadlığını həzm edə bilmir.
… Bu ucu-bucağı görünməyən problemdə cəmiyyət olaraq illərlə bir-birimizi çox qınadıq, tənqid etdik, maarifləndirməyə çalışdıq, təbliğat apardıq, yazdıq, pozduq, etmə-eləmə dedik, amma deyəsən, xeyri yox imiş…
1… Aradan çox keçməmiş eyni motiv, eyni cinayət yenə təkrarlandı. Təəssüf ki, bu dəfə xilas edilə bilmədi. Daha bir boşanmaq istəyən qadının həyatına son qoyuldu. Dünən – 9 iyulda 43 yaşlı Zaur Qəhrəmanov boşandığı arvadını – 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə qətlə yetirdikdən sonra özünə də xəsarət yetirib. Hazırda o, xəstəxanada müalicə alır…
Ümumiyyətlə, şiddətin heç bir bəraəti yoxdur: istər dini baxımdan, istərsə də qanuni yanaşmadan. Eləcə də, cinsindən, yaşından və ya statusundan asılı olmayaraq, istənilən növ (fiziki, psixoloji, iqtisadi və ya cinsi) şiddətin heç bir halda bəraəti və ya haqq qazandırılan tərəfi yoxdur. Zorakılıq qəbul edilə bilməz! Hüquqi məsuliyyət tələb edir.
Bunun üçün dayanmadan birlikdə mübarizə aparmalıyıq. Öncə həm dövlət orqanları, həm də aidiyyatı institutlar sağlam ailə modelinin möhkəmləndirilməsi istiqamətində mühüm və daha təsirli tədbirlər görməlidir ki, ən azından boşanmaların sayı azalsın. Belə olan təqdirdə ərlə-arvad arasında narazılıq da aradan qalxar, qətllər, şiddətlər azalar.
Boşanmalar isə mədəni və sülh yolu ilə, sivil şəkildə həyata keçirilməlidir. Məsələn, tərəflərin qarşılıqlı hörməti çərçivəsində, uzun-uzadı məhkəmə çəkişmələri olmadan, emosional və maddi sarsıntıları miniuma endirilərək, hər iki tərəfin bir-birinə olan hörməti qorunmaqla, şəffaf kommunikasiya, habelə, əmlak və uşaq məsələlərində ədalətli razılıq əldə olunmaqla…
Çətindir, amma mümkündür.
Bundan başqa, düşünürəm – ən mühümü olan oğlan uşaqlarına körpəlikdən qızlara, qadınlara xoş rəftarı, hörməti aşılamalıyıq. Əslində, bu çox doğru məqamdır.
Oğlan uşaqlarına erkən yaşlardan etibarən qadınlara qarşı hörmət, nəzakət və empatiya aşılamaq gələcəkdə sağlam və bərabərhüquqlu bir cəmiyyət qurmağın təməlidir. İlk öncə anlamalıdırlar ki, zərif cinsin nümayəndələri sevilmək üçündür, Bəli, kişilər kibrit çöpü kimidir, sevəndə başlarını itirirlər. Bəlkə elə bu hisslərdir ki, onları affekt vəziyyətinə salır… Nəticə isə heç də ürəkaçan olmur.
Bəli, qadınlara və qızlara qarşı zorakılıq bu gün dünyada ən geniş yayılmış, həll edilə bilməyən və fəlakətli insan haqları pozuntularından biridir.
Ölkəmizdə qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində daim siyasi iradə nümayiş etdirilir, bu istiqamətdə bir çox təsirli tədbirlər həyata keçirilir, mühüm əhəmiyyətli qərarlar qəbul olunur. Bununla belə, xüsusilə bölgələrimizdə qadınlar məişət zorakılığına məruz qalmaqdadırlar, qızlar erkən vaxtlarından ərə verilirlər. Ailədə davamlı fiziki və mənəvi zorakılıqlarla üzləşən qadınlar isə əksər hallarda intihara əl atır və həyatına qəsd edirlər. Boşanmaq istəyəndə isə… həyatlarından olurlar….
Qadın anadır! Ana isə böyüdən, tərbiyə edən və öyrədəndir. Əbəs yerə deyilməyib ki, cənnət anaların ayaqları altındadır. Övladlarımıza və gələcəyimizə zəmanət vermək istəyiriksə, qadınlara qarşı hər cür zorakılıq dayandırmalıdır! Qadınlara qarşı zorakılığın dayandırılması və onların hüquqlarının qorunması təkcə ailələr üçün deyil, bütövlükdə gələcəyimiz üçün ən vacib şərtdir.
Könül Aypara













